Azərbaycan-Türkiyə qardaşlığı: Türk birliyinin mayakı!

«Azərbaycan-Türkiyə qardaşlığı Türk birliyinin mayakıdır»


"Bir zamanlar xəyal etdiyimiz Türk birliyi real güc mərkəzinə çevrilir".
Bunu "Sherg.az"a Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündən danışarkən deyib. Onun sözlərinə görə, Türk birliyi geopolitik proseslərdə siyasi-iqtisadi və mədəni-sosial mərkəz rolunu oynayır:

"Ortaq addımlar, dəyərlər, birgə fəaliyyət özünü göstərir. Bildiyimiz kimi, Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar dövlətə dəstək məqsədilə adıçəkilən görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərlərinin buna müsbət yanaşması indiki vaxtda qardaş ölkəyə böyük dəstəkdir. Bu həm də bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı hörmətin açıq göstəricisidir. Rəsmi Ankara güclü olarsa, qardaş ölkələr də qüvvətli olacaq. Sevindirici hal odur ki, Azərbaycan-Türkiyə qardaşlığı Türk birliyinin mayak rolunu oynayır. İki dövlət strateji və tarixi qərarların qəbulunda mühüm əhəmiyyət kəsb edir. Hazırda Türkiyənin yanında olmaq lazımdır. Onun çətin vəziyyətdən çıxması üçün qardaş ölkələrin fəallığı xüsusi önəm daşıyır. Ola bilər ki, bu, Zirvə görüşündə də əsas mövzu hesab edilsin. Digər tərəfdən Qarabağın bərpa-quruculuq işlərində qardaş dövlətlərin iştirakının vacibliyi diqqətdə saxlanıla bilər. Əsas müzakirələrdə qəbul olunacaq qərarlar Türk birliyinin ümumi xeyrinə olacaq".

Qeyd edək ki, Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü başlayıb. Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.