Kremlin yalanı ayaq tutdu, amma yerimədi

Kustar üsulla hazırlanmış PUA ilə Putini vurmaq mümkünsə, vay Rusiyanın halına

  Kremlə Pilotsuz Uçan Aparatlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat xidmətindən bildirilib ki, silahlı qüvvələri PUA-lardan 2-sini məhv edib, itki yoxdur. Kremlin məlumatına görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Rusiya Prezidentinə sui-qəsd cəhdidir: “Rusiya adekvat cavab vermək hüququna malikdir”. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Vladimir Putinin Kremlə dron hücumuna reaksiyası sakit və yığcam olub: "Moskva bilir ki, Kiyev zərbələr üçün həm vasitələri, həm də hədəfləri Vaşinqtonun diktəsi ilə seçir. 

Moskva Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Kiyevin Kremlə hücumda əli olduğunu hesab edir. Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır, ABŞ-nin Kremlə dronlarla hücum olunmasını rədd etmək cəhdləri gülüncdür. Kremlə hücumda iştirak edən Vaşinqtonun münaqişədə belə birbaşa iştirakın təhlükəsini anlaması vacibdir". Peskov onu da bildirib ki, Kremlə hücumdan sonra Senat sarayının günbəzində iki mis təbəqə yanıb, onlar dərhal dəyişdiriləcək. Onun sözlərinə görə, Kreml Ukrayna PUA-larının Kremlə hücumuna cavab vermək üçün “müxtəlif” variantları nəzərdən keçirir: "Kremlə hücum edən PUA-ların dəqiq haradan buraxıldığı məlum deyil, bununla istintaq məşğul olacaq. Dronlarla insidentdən sonra Kremldə vəziyyət normaldır, hər kəs öz yerində işləyir. Bu insidentdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək. Dronların Kremlə hücumundan sonra xüsusi əməliyyatın məqsəd və vəzifələri dəyişmir". 

Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri yeni hesabatında bildiriblər ki, Rusiya əhalinin cəbhəyə daha geniş səfərbər olmasına zəmin yaratmaq üçün mayın 3-də Kremlə PUA-dan hücumu özü də təşkil etmiş ola bilər. Onların sözlərinə görə, bir neçə əlamət zərbələrin daxili qüvvələr tərəfindən təşkil olunduğunu və həyata keçirildiyini göstərir. 

Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti son vaxtlar hava hücumundan müdafiə sistemlərini gücləndirir, o cümlədən Moskvada. Bu baxımdan, iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi və birbaşa "Kremlin ürəyi üzərində" partlaması və ya vurulması, eyni zamanda kameralara düşməsi "çox çətin"dir. 2023-cü ilin yanvar ayından olan geolokasiya şəkilləri təsdiq edir ki, Rusiya hakimiyyəti şəhər ətrafında hava hücumundan müdafiə dairələri yaratmaq üçün Moskva yaxınlığında "Pantsir" zenit-raket komplekslərini yerləşdirib. Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası hücumun daxildən hazırlandığına o qədər böyük ehtimaldır ki, onun qəbul edilən siyasi nəticələri sürprizi üstələyir". 

Rusiyalı politoloq Sergey Markov deyib ki, bundan sonra hamı “Putin üçün qəribə ov”un siyasi mənzərə olduğuna adət edəcək. Onun sözlərinə görə, Putinə ölümcül zərbə məhz o zamana hazırlanır: "Hələ vaxtı deyil. Niyə Kremli məhz gecə saat 3-də dronla vurdular? Aydındır ki, Putin o zaman Kremldə olmur, elədirmi? Cavab: Ona görə ki, bu, ABŞ və İngiltərənin Kremlə qarşı taktikasıdır. Bu, min bir kiçik addım və ya qurbağanı yavaş-yavaş isinən suda qaynatmaq taktikasıdır. Bu taktikanı ABŞ ona görə seçir ki, onlar Putinin sərt addımlara daha sərt cavab verəcəyindən qorxurlar. Ona görə də kəskin addımlar yox, min kiçik addımlar atılır. Putinin nüvə silahı ilə zərbə endirməməsi üçün onu yavaş-yavaş, az qala hiss olunmayacaq şəkildə əzmək lazımdır". 

  Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında deyib ki, bir hadisədə kimisə ittiham etmək, suçlamaq üçün mütləq mənada konkret faktlara əsaslanmaq lazımdır. Ekspert vurğulayıb ki, Rusiya ətraflı araşdırmalar aparmadan ittihamedici açıqlamalar verməməliydi: 

"Ən azından PUA-ların qalıqları, istehsal edən dövlət və şirkət ciddi araşdırılmadan, konkret nəticələr əldə olunmadan bu cür açıqlamaların verilməsi şübhəyə əsaslar yaradır. PUA-lar zərərsizləşdiriləndən dərhal sonra birbaşa Ukrayna suçlanılır. İstənilən bir qurğunu izləmək Rusiya kimi bir dövlət üçün problem yaratmamalıdır. Moskvanın ittihamlarına ABŞ-dən gələn reaksiyalar da birmənalı deyil. Amerika rəsmiləri bildirirlər ki, bununla bağlı yetərli fakt yoxdur. Hansısa PUA ilə bir dövlət başçısını hədəf almaq ciddi səslənmir. Bu, dəqiq hazırlanmış sui-qəsd və ya terror hadisəsi sayıla bilməz və çox qeyri-ciddi səslənir. Əlbəttə, Kremli vurmaq olar, ancaq birbaşa Prezidentin hədəfdə olduğunu söyləmək mümkün deyil. Sui-qəsdin Prezidentə qarşı olduğunu iddia etmək Rusiyaya əsas yaradır ki, qarşı ölkənin dövlət başçısına adekvat cavab versin. Yəni Rusiyaya bu yöndə haqq qazandırır və Ukraynaya qarşı təhlükəli gedişlərin planlaşdırılmasına imkan yaradır. O baxımdan yalanı özü üçün siyasi prioritet sayan bir dövlət rəsmisinin açıqlamaları ciddi şübhələr doğurur". 

  Analitik qeyd edib ki, PUA zərbələrindən danışılır, amma heç bir ziyan, zərərdən söhbət getmir: 

"Digər yandan, kustar üsulla hazırlanmış iki PUA ilə Kremli hədəf almaq, Prezidenti vurmaq mümkündürsə, bu, Rusiyanın hərbi cəhətdən nə qədər zəif olduğunu da göstərir. S 400-ləri öyünən Rusiya necə olur ki, kiçik PUA-ları öz hava məkanında zərərsizləşdirməkdə çətinlik çəkir?! Şübhəli məqamlar çoxdur. Rusiya eyni şeyi adekvat olaraq çox rahatlıqla Ukrayna Prezident Aparatının binasında həyata keçirə bilər. Kiyev müharibənin əsas mərkəzi kimi intensiv olaraq dünya liderlərini qonaq qəbul edir. Zelenski həmin adamlarla görüşür. İndi Ukrayna rəhbərliyi hansı səbəblərə görə həm özünün, həm də xarici ölkə rəhbərlərinin həyatını təhlükəyə atsın? Bu, məntiqə sığmır".