Gələcək danışıqlara zəmin hazırlayırlar

İki əsgərimizin əvəzinə, ermənilər də Bakıda həbsdə olan diversantlarını istəyəcək

  Ermənistanın Baş prokuroru Anna Vardapetyan əsir götürülmüş Azərbaycan hərbçilərindən danışıb. O, ekstradisiyanın planlaşdırılmadığını bildirib: "Məhkəməyə qədər Ermənistana daxil olmuş 2 Azərbaycan əsgərinin ekstradisiyasına icazə verilmir və qanunla nəzərdə tutulmayıb. Gələcəkdə belə bir ehtimala gəlincə, məsələ onun səlahiyyətində deyil". Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. 

Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb. Daha sonra "qətl törətməkdə və diversiya" fəaliyyətində ittiham olunan əsgərlərimizə qarşı saxta cinayət işi açılıb. 

  Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan tərəfinin iki əsir əsgərimizlə bağlı məsələni qanunsuz məhkəmə müstəvisinə çıxarması rəsmi İrəvanın fərqli hədəflərinin olduğunu göstərir. Hüquq müdafiəçisi bildirib ki, Ermənistan hökuməti Azərbaycan əsgərlərini saxta ittihamlarla həbs etməklə bir sıra məqsədlər güdür: 

"İrəvan iki əsgərimizi "cinayətkar" kimi həbs etməklə və bir müddət saxlamaqla onları Bakıda erməni diversantlarla dəyişmək niyyətindədir. Yəni iki əsir əsgərimizi həmin erməni diversantlarla eyni müstəviyə çıxarmağa çalışırlar ki, gələcəkdə Bakı ilə danışıqlara zəmin hazırlasınlar. Bu baxımdan iki əsgərimizin hava şəraitindən dolayı yolu azaraq Ermənistana keçməsi İrəvan üçün "göydəndüşmə şans" kimi qiymətləndirilir. Onlar bu hadisədən maksimum istifadə etməyə çalışırlar. Biz iki əsgərimizin geri verilməsini tələb etdikdə, ermənilər də Bakıda həbsdə olan diversantlarını istəyəcək. Ola bilər ki, danışıqlar çərçivəsində iki əsgərimizin geri alınması üçün iki erməni diversantın Ermənistana verilməsi mümkün olsun. Əvvəllər də belə təcrübə olub. Beynəlxalq təşkilatlar vasitəsilə İrəvana təzyiq göstərilməsi də mümkündür. 

Ancaq təəssüflər ki, beynəlxalq qurumların belə məsələdə təsir mexanizmi mövcud deyil. 6 il erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev timsalında bunu gördük. Bütün beynəlxalq tribunalarda bu məsələni illər boyu gündəmə gətirsək də, Ermənistan girovlarımızı geri vermədi. 

Döyüş meydanında torpaqlarımızı azad etdikdən sonra iki şəxs girovluqdan xilas oldu. Onlar Azərbaycan tərəfinin əsir aldığı ermənilərlə dəyişdirildi. Yenə də əsir və girovların dəyişdirilməsi prosesi rol oynadı. Rusiya-Ukrayna savaşında da bu təcrübə var. Hesab edirəm ki, indiki məsələnin də həlli yolu odur. 

Burada heç bir siyasi danışıqlar nəticə verməyəcək. Ermənistana nə qədər çağırışlar edilsə də, iki əsgərimizi qarşılıq almadan Azərbaycana təhvil verməyəcək".