Müharibə Rusiyanı komaya salıb 

Ölkədə dövlət böhranı çox ciddi mərhələyə qədəm qoyub 

“Vaqner”in rəhbəri ordunu, müdafiə nazirini, baş qərargah rəisini xəyanətdə ittiham edir


  "Kremlə pilotsuz təyyarələrin hücumu düşmənçilik aktıdır. Rusiya buna konkret addımlarla cavab verəcək". Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib. O deyib ki, bu, açıq-aydın düşmənçilik hərəkəti idi: "Tamamilə aydındır ki, Kiyev terrorçuları "sahiblərinin" xəbəri olmadan bunu törədə bilməzdilər. Biz hadisəyə, bunun kazus belli olub-olmaması barədə danışmaqla deyil, konkret addımlarla cavab verəcəyik”. 

Lavrov Ukrayna başçısı ilə danışıqların başlanma ehtimalından da söz açıb. Bildirib ki, Rusiya Zelenskinin sahibi ilə danışmağa hazırdır: "Zelenski marionetdir. Rusiya onun sahibi Qərblə danışmağa hazırdır, gec-tez bu baş verəcək". Qeyd edək ki, Kremlin Mətbuat xidməti mayın 3-də “Kiyev rejiminin Kremlə pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd etdiyini” bildirmişdi. Moskva bu hərəkətləri “planlı terror aktı və Rusiya prezidentinin həyatına qəsd" kimi qiymətləndirmişdi. “Financial Times” nəşri də yazıb ki, Ukraynanın dronlarla Kremlə hücumu mümkündür. Nəşr öz mənbələrinə istinadən bu hücumu Rusiyanın özünün təşkil etməsi ilə bağlı versiyanı inandırıcı saymayıb: 

"Belə olan halda Moskva ölkəni qoruya bilmədiyini göstərmiş olardı ki, bu da Putinin nüfuzuna zərbə vurur". Qərbli diplomatlar da bildiriblər ki, əməliyyatın daxildən planlanması ehtimalı azdır: "Kiyevin Kremli vurmaq üçün vasitələri var. Ukraynanın dronlarla Rusiyaya əvvəlki hücumları da bu kimi zərbələrdən müdafiə olunmağın nə qədər çətin olduğunu göstərdi". Amerika kəşfiyyatndan sızan məlumata görə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin Moskvaya silsilə zərbələr endirmək niyyəti olub. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ölkənin və onun rəhbərliyinin təhlükəsizli üçün bütün vasitələrdən istifadə etməyə hazırdır: "ABŞ ilə münasibətlər açıq silahlı münaqişə ərəfəsindədir, lakin Moskva bunun baş verməməsi üçün çalışır".

  Ukrayna Silahlı Qüvvələrinin Şərq qruplaşmasının spikeri Sergey Çerevat “Vaqner” özəl hərbi şirkətinin sahibi İosif Priqojinin hərbi struktura mərmi verilişinin bərpa olunmayacağı təqdirdə, mayın 10-u Baxmut şəhərindəki mövqelərini tərk edərək arxa cəbhəyə çəkiləcəkləri ilə bağlı videomüraciətinə münasibət bildirib. 

O, Priqojinin açıqlamalarına baxmayaraq, Baxmutda hücumların davam etdiyini və "Vaqner"in canlı qüvvəsini sürətlə itirməsi və Rusiyada hərbi rəhbərliyindəki daxili qarşıdurmaların buna yol açdığını qeyd edib. Rusiyalı politoloq Sergey Markov deyib ki, Priqojin və Rusiya Müdafiə Nazirliyi, eləcə də Baş Qərargah arasındakı qarşıdurmada “Vaqner”in rəhbəri rus cəmiyyətinin əksəriyyəti tərəfindən dəstəklənir: “Üstəlik, rus ordusunun zabit və əsgərlərinin də əksəriyyəti Priqojin və onun komandasını dəstəkləyir. Onların hamısı mərmi və digər vacib ehtiyaclarla çox zəif təmin olunduğuna inanır. Amma subardinasiya məsələlərinə görə bunu birbaşa deyə bilmirlər. Sevinirlər ki, heç olmasa, onların düşündüklərini Priqojin yüksək səslə deyə bilir. Məsələni təcili olaraq Rusiya Təhlükəsizlik Şurası həll etməlidir”. Qeyd edək ki, Priqojin Baxmutda ölən vaqnerçilərin cəsədləri fonunda silah çatışmazlığı ilə bağlı Rusiya müdafiə naziri və Baş Qərargah rəisinin ünvanına təhqirlər səsləndirib.

  Politoloq Turab Rzayev bildirib ki, Rusiyada dövlət böhranı özünün çox ciddi mərhələsinə qədəm qoyub. Analitikin sözlərinə görə, Priqojinin Rusiya ordusunun, müdafiə nazirini, baş qərargah rəisini birbaşa xəyanətdə ittiham etməsi bunun bariz sübutudur: 

"Artıq ölkədə fərqli maliyyə-oliqarx strukturları, inzibati vahidlər, güc strukturları öz ordularını yaratmağa, mərkəzi hakimiyyətdən avtonom olmağa çalışır. Mərkəzi hakimiyyət nəzarəti itirir, hərc-mərclik artır. Müharibənin əvvəlində ən aktiv iştirakçısı olan, xüsusi şəkildə mediada, sosial mediada rus ordusunun, əslində isə çeçen ordusunun uğurlarını paylaşan Kadırovun müharibə mövzusundan tamamilə uzaqlaşması da, Rusiya Federasiyasının gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olmasına bağlamaq olar. Müharibənin ən aktiv iştirakçıları olan "kadırovçı"lardan artıq xəbər-ətər yoxdur. Ramzan özü də müharibənin gedişatı ilə bağlı o qədər də açıq danışmır. Çeçen lideri Qafqaz dağlarına çəkilərək öz ordusunu qoruyur, böyük ehtimalla Rusiyada qaçılmaz görünən gələcək müharibələrdə lazım olacaq insan gücünü indi boşuna tükətmək istəmir. Ukrayna kampaniyasının gedişində gərginləşən ordu-vaqner münasibətləri artıq açıq qarşıdurmaya keçmiş oldu. Buna qədər də "Vaqner" ordunu İzyüm və Liman şəhərlərinin itirilməsinə görə ittiham edirdi. Maraqlıdır ki, burada Priqojinin mövqeyi Kadırov ilə üst-üstə düşür". 
  T.Rzayev əlavə edib ki, bir çoxları bunu Rusiya hakimiyyəti daxilindəki kəşfiyyat-ordu rəqabətinin gün üzünə çıxması kimi dəyərləndirirdi: "Amma vəziyyət sadə rəqabətdən daha da qəliz görünür. Artıq Rusiyada bir yox, bir neçə ordu var. Mərkəzi hakimiyyətin zəifləməsi fonunda çoxordulu ölkələrdə hadisələrin potensial inkişaf planı çoxlarına az-çox bəllidir. Rusiya cəmiyyəti 9 mayda Qələbə bayramında ordudan Baxmutun alınması ilə bağlı qələbə xəbəri gözləyir. Priqojin 10 mayda Vaqnerin Baxmutu tərk edəcəyini deyir. Səbəb silah çatışmazlığıdır. Ukrayna müharibəsi Rusiyanı komaya salıb. Komadan çıxa bilməsi sual altındadır".