İrəvanın dəyişkən siyasətinə etibar yoxdur

Simonyanın Türkiyədəki "yumşaq" çıxışları münasibətlərdəki gərginliyi aradan qaldırmayacaq

  Ermənistan Parlamentinin sədri Alen Simonyan Ankarada türkiyəli həmkarı Mustafa Şentopla görüşüb. Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Tərəflər bir sıra əsas məsələləri, o cümlədən Türkiyənin hava məkanının Ermənistan aviaşirkətləri üçün bağlanmasını müzakirə ediblər. Simonyan görüşdə hava nəqliyyatı məsələsinin müsbət həll olunacağına ümid etdiyini bildirib. Şentop cavabında qeyd edib ki, İrəvanda "Nemesis" memorialının açılışı Türkiyə tərəfi üçün ağrılı və həssas məsələdir. 

Aprelin 29-da Ankara "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemezis” əməliyyatının qəhrəmanlarına abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb. Simonyan Azərbaycanla sülhdən də danışıb. O deyib ki, "Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil və İrəvanın Türkiyə və Azərbaycana ərazi iddiaları yoxdur". Spiker Türkiyənin regionda sülhün bərqərar olması məsələsində substantiv addımlara əl atacağına ümid etdiyini bildirib: “Biz sülh müqaviləsi imzalamağa hazırıq və maraqlıyıq. Ticarət baxımından regionun açılmasında heç bir problem görmürük. Təbii ki, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana və Türkiyəyə insanlar və mallar sərbəst şəkildə gedə bilər”.

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev isə "Şərq"ə açıqlamasında deyib ki, ermənilər hər zamankı kimi yenə ikiüzlülük edirlər. Professorun sözlərinə görə, Ermənistanın siyasəti qarşı tərəfin gücünə, mövqeyinə görə formalaşır:

 "Ermənilər qarşılarından olanın güclü olduğunu gördükdə özlərini "imam şəhidləri" hesab edirlər, yəni "yola gələn", "hər şeyə razı olan" tərəf kimi göstərirlər. Ancaq İrəvanın dəyişkən siyasətinə etibar yoxdur. Simonyanın Türkiyədəki "yumşaq" çıxışları münasibətlərdəki gərginliyi aradan qaldırmayacaq. İndiki məqamda Türkiyəyə yaltaqlanmağın arxasında məkrli siyasət dayanır. Ermənistan Türkiyə ilə iqtisadi əlaqələrin qurulması prosesini Azərbaycanla münasibətlərdən ayırmağa çalışır. Ancaq qardaş Türkiyə son 30 ildə Azərbaycanla bağlı siyasətində zərrə qədər olsa mənfiyə doğru dəyişiklik etməyib.

 Hazırkı Türkiyə rəhbərliyinin Cənubi Qafqaz siyasəti, xüsusən Azərbaycana olan sevgisi və dəstəyi əvəzolunmazdır. Türkiyə qətiyyən imkan verməz ki, Azərbaycanın maraqları tapdansın. Ankara hökuməti İrəvanın niyyətini, hansı addımı niyə atdıqlarını çox gözəl bilir. 

Ermənistanın Türkiyəni öz haqlı yolundan döndərməsi, aldatması qeyri-mümkündür. Ermənistan normal əməkdaşlıqda, qonşularla münasibətlərin qurulmasında maraqlıdırsa, "Nemezis" terror təşkilatının təbliğinə imkan verməməliydi. 

Saxta "soyqırımı" iddialarından əl çəkməliydi. Ancaq bunları müşahidə etmirik, əksinə, riyakar və xəyanətkar siyasətin davamını görürük".