Hulusi Akar İrəvanı xəbərdar edir 

Sülhün yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq

  Türkiyənin müdafiə naziri Hulusi Akarın Ermənistan-Azərbaycan münasibətlərinə dair məqaləsi dərc olunub. Akar qələmə aldığı məqalədə Bakı ilə İrəvan arasında sülhə olan ümidlərin söndüyünə diqqət çəkib. General vurğulayıb ki, cəbhə xəttində Ermənistan və Azərbaycan qoşunları arasında təsadüfi atışmalar və gərginlik, o cümlədən tərəflərin sülh razılaşması əldə etmək üçün uğursuz cəhdləri narahatlıq doğurur. 

Vəziyyət qeyri-sabitdir: "2020-ci ildə üçtərəfli Atəşkəs Bəyannaməsinin imzalanması ilə qızıl fürsət yarandı və bu, Ermənistanın Azərbaycan ərazilərinin otuz illik işğalına son qoydu. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevralda Türkiyəyə səfəri kimi son hadisələr də bizi ruhlandırırdı. Bununla belə, münaqişə indi dondurulsa da, sülh prosesi uzandıqca yenidən hərbi əməliyyatların baş verməsi təhlükəsi artır". Lakin Akarın sözlərinə görə, çətinliklərə baxmayaraq, Türkiyə uzun müddət dinc yanaşı yaşama tarixinə malik olan türk və erməni xalqlarının dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər qura biləcəyinə inamında sarsılmaz olaraq qalır: "Əgər regionda və ondan kənarda olan ölkələr dünyaya töhfə vermək qərarına gəlsələr, bu, mühüm siyasi və iqtisadi nəticələrə gətirib çıxaracaq. Türkiyə istərdi ki, üçüncü dövlətlər, o cümlədən Qərbdəki müttəfiqləri bu baxışı formalaşdırmağa kömək etsinlər, ya da heç olmasa, tarixi fərqləri siyasiləşdirmək və düşmənçiliyi davam etdirmək cəhdlərindən çəkinsinlər".

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməsi Ermənistana xəbərdarlıq mahiyyəti daşıyır: 

"Akar sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini deyib. Nikol Paşinyanın və ətrafının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları azdır. İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır. 

Hulusi Akar İrəvanı xəbərdar edir ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq".