Sülh müqaviləsindən əvvəl bu işlər görülməlidir, əks halda... - ŞƏRH 

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlə həmkarı Ararat Mirzoyan arasında ABŞ-ın paytaxtı Vaşinqtonda görüş keçiriləcək. Tərəflər arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Ermənistan parlamentinin spikeri Alen Sminyon dünən deyib ki, o, nazirlərin görüşündə irəliləyişin əldə olunacağına inanır. Fikrimcə, bu açıqlama göründüyündən daha ciddi mahiyyət kəsb edir. 
Məsələ burasındadır ki, Ermənistan hərbi - siyasi hakimiyyəti artıq sülhün onlar üçün alternativinin olmadığını anlamağa başlayıb. Vaxt, əlbəttə, rəsmi İrəvanın əleyhinə işləyir. Buna baxmayaraq, əsas paradoks ondan ibarətdir ki, Ermənistan reallığı başa düşdüyü halda, xislətindən əl çəkə bilmir.
 Sülh nə qədər tez əldə olunarsa, bu, Ermənistan üçün bir o qədər faydalıdır. Əvvəllər də dediyimiz kimi, indi sülh müqaviləsi bizdən daha çox İrəvanı düşündürməlidir. Nəzərə almaq lazımdır ki, sərhədlər hələ müəyyənləşməyib. Ermənistan xüsusilə üçüncü qüvvələrin təhriki ilə təxribatlarını davam etdirir. Sözsüz ki, Azərbaycan bu provokasiyalara cavab olaraq adekvat addım atmaq, lazım gələrsə, sərhədlər özü müəyyənləşdirmək hüququna malikdir. Bu isə İrəvana sərf etmir. Deməli, Ermənistan sülhə doğru daha sürətli addımlar atmalıdır. 
 Diplomatik təmasların intensivləşməsi və digər geosiyasi məqamlar Cənubi Qafqazda "suların durulması", o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün münbit şərait yaradır. Təsadüfi deyil ki, C. Bayramov bu günlərdə bildirmişdi ki, bu ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər. 
 Sabahkı görüşdə müəyyən razılıqların əldə olunması və nəticə etibari ilə bizim sülhə daha bir neçə addım yaxınlaşmağımız mümkündür. Amma "1 addım irəli, 2 addım geri" prinsipi rəsmi Bakının maraqlarına uyğun deyil. Bizə məsələnin köklü, birdəfəlik həlli lazımdır. Bu isə hazırda aktual olan bir neçə əsas məqamdan asılıdır: Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarına birmənalı olaraq son qoymalı, üçüncü qüvvələrin maşası olmamalıdır; Qarabağdakı əhalinin Azərbaycana reinteqrasiyasına əngəl törədilməməlidir; Sərhədlərinin demarasiya və delimitasiyası ən qısa zamanda baş tutmalıdır; Zəngəzur dəhlizinin açılması ilə hansısa ilkin şərt irəli sürülməməlidir.
 Sülh müqaviləsi imzalanana kimi bu məsələlər böyük ölçüdə həllini tapmalıdır. Biz Ermənistanın səmimiliyinə əmin olmalıyıq. Əks halda perspektivdəki sülh kövrək olacaq və Ermənistan 1992- ci ildə əldə olunan atəşkəsi, 2020- ci illərdəki üçtərəfli razılaşmaların pozduğu kimi, bu sənədin şərtlərinə də əməl etməyəcək. Beləliklə, indi ən çox tələb olunan Ermənistan hərbi- siyasi hakimiyyətinin iradəsidir. 

Kənan Novruzov