Azərbaycanla Esvatini arasında turizm və ətraf mühit sahələrində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının koordinasiya bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Esvatini Krallığının turizm və ətraf mühit naziri Moses Vilakati ilə görüşüb.

Bu barədə "Sherg.az"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan Respublikası və Esvatini Krallığı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xarici işlər naziri Ceyhun Bayramov Esvatini Krallığının 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə görüşü daxil olmaqla, Hərəkatın fəaliyyətində aktiv və səmərəli iştirakı məmnunluqla qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və Esvatini arasında turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq perspektivləri müzakirə edilib.

Öz növbəsində nazir Moses Vilakati Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd edib. Nazir həmçinin ölkələr arasında ikitərəfli münasibətlərin, habelə çoxtərəfli platformalarda əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

Görüş zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.