Deputat: "BQXK etimadından sui-istifadə edib"

 "Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanuna zidd əməllər təkrar olunmub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Humanitar təşkilat olan BQXK etimadından sui-istifadə edib".

Bunu "Sherg.az"a millət vəkili Cavid Osmanov deyib. Parlamentari bildirib ki,  müvəqqəti olaraq BQXK-ya məxsus nəqliyyat vasitələrinin Laçın sərhəd buraxılış vasitəsilə keçidinin dayandırılması  Azərbaycan qanumlarına tam uyğundur: "Çünki ora Azərbaycanın ərazidir. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Nüfuzlu təşkilat nümayəndələrinin sui-istifadə hallarına yol verməsi narahatlıq doğurur. Laçın sərhəd keçid buraxılış məntəqəsinin quraşdırılması qanuna zidd əməllərin qarşısını alır, bundan sonra da qətiyyətlə alacaq".

Qeyd edək ki, 160 yaşlı humanitar təşkilat olan BQXK-nin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri onlara göstərilən etimaddan, verilən səlahiyyətlərdən sui-istifadə etməklə Azərbaycan ərazilərində faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olublar.