Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında (10 iyul) Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğunun bildirilməsinə qarşı İran misli görünməmiş təpki göstərir.
İranın reaksiyasına baxaq.
Rusiya səfiri İran XİN-ə çağırılır və ona sərt şəkildə xəbərdarlıq edilir. İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Rusiyaya xəbərdarlıq edir: “Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, “qırmızı xətlər”ə riayət etməsindən asılıdır”. İran Hakimiyyət Başçılarının Ali Koordinasiya Şurasının katibi, SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi Rusiyanı açıq şəkildə hədələyir. İran XİN başçısı Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrova zəng edir. Bunun ardınca mediaya açıqlamasında “Rusiyanın izahatının İranı qane etmədiyini” bildirir.
Abdullahian Ukraynanın ərazi bütövlüyünü İranın tanıdığını elan edir və bu açıqlamasının Moskvada imzalanan bəyanata cavab olduğunu deyir...
Maraqlıdır ki, bütün iddia, ittiham və təhdidlərin hədəfi Rusiyadır. Bu xırda insidentlər diplomatik qalmaqal səviyyəsində qalacaqmı, yoxsa daha da irəliləyəcək?
"Sherg.az"ın sualını cavablandıran politoloq Sədrəddin Soltan bildirir ki, Rusiya ilə İran beynəlxalq arenada yaranan şəraitə görə tərəfdaşdılar. Əslində ənənəvi düşmən, yaxud rəqibdirlər:
"Tarixi məlumatlar da bunu təsdiqləyir. Moskvanın adalar barədə açıqlaması İranı qıcıqlandırdı. Həmin adalar indi İranın nəzarəti altındadır. Məsələ böyük qalmaqala çevrilməyəcək. Adalar BƏƏ-nin nəzarətində olsaydı, İran iddia etsə idi, fərqli situasiya yaşanardı.
İran Ukraynanın ərazi bütövlüyünü tanıdığını əvvəl də deyirdi. İran XİN başçısı Abdullahian elanı Rusiyanın adalarla bağlı bəyanatından sonra verdiyinə görə fərqli görünə bilər. İranın Ukrayna ilə bağlı mövqeyində Rusiyaya qarşısında jest kimi dəyərləndirmək olar. Rusiya-İran münasibətlərinin fərqli müstəviyə keçmə ehtimalı yoxdur".