Siyasi hoqqabazlıq: Bakı və İrəvan Moskvanın çağırışlarını geri çevirməlidir

Ötən həftənin sonlarında Azərbaycan və Ermənistan liderlərinin daha bir Brüssel görüşü başa çatdı. Görüş bitər-bitməz Rusiya XİN sözçüsü Mariya Zaxarova açıqlama verib. Zaxarova bildirib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var:
“Mənə elə gəlir ki, şanslar çox yüksəkdir. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən dəqiq tarix haqqında məlumat ailan kimi mütləq sizinlə paylaşacağıq”.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel liderləri yaydan sonra Brüsseldə yenidən görüşməyə dəvət etməyi planlaşdırdığını, habelə oktyabr ayında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin də iştirakı ilə növbəti beştərəfli görüş keçirmək niyyətində olduqlarını vurğulayıb.
Zaxarovanın açıqlamasını "Sherg.az"a şərh edən  jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib ki, Moskva təşəbbüsü əlinə almaq fikrindədir:
" Zaxarova " Türkiyə Üçtərəfli müqaviləni imzalayan ölkə deyil" açıqlamasını verdi. Prosesdən Avropanı, Amerikanı, Vaşinqtonu, Brüssel, hətta Türkiyəni xaric etmək, təşəbbüsü əlində cəmləndirmək istəyini izləyirik.  Nə qədər müvəfəqqiyyətli olacağı sual altındadır. 
Vaşinqtonla Brüssel Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına can atır. Rusiya isə təhrik, qarışıqlıq kimi dolayı yollara əl atır.  Moskvanın tələbini nə Qərb yönümlü Paşinyan, nə də Azərbaycan yerinə yetirmək istəyir. Azərbaycan üçün bölgədə sülh lazımdır. Zaxarova açıqlaması ilə Brüssel və Vaşinqton görüşlərinə kölgə gətirməyə, diqqəti  Moskvaya yönəltməyə çalışır. Baş nazir Paşinyan və Prezident İ.    Əliyev necə reaksiya verəcəklər? Əgər Azərbaycan və Ermənistan doğrudan da, sülh müqaviləsi imzalamaq niyyətindədilərsə, Moskvanın çağırışlarını iqnor etməlidilər".