Araikin "oturaq aksiya" şousu: Göstərişi kimlər verib?

"Qarabağdakı separatçıların öz mövcudluqlarını qorumaq istiqamətində addımları heç bir nəticə vermir. Araik Arutyunyanın “oturaq aksiyası”nın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyırdı, lakin heç bir nəticəsi olmadı".

Bunu Xankəndi şəhərindəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın 17 iyulda başlatdığı “oturaq aksiyanı” dayandırmasına münasibət bildirərkən "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitikin sözlərinə görə, onlar üçün Moskva görüşü həlledici olmalı idi və hesab edirdilər ki, Rusiya Azərbaycana təzyiq edəcək, Laçın postunun açılmasına nail olacaqlar:

"Lakin görüşün yekunları və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı Bakının gündəliyinin qəbul olunduğunu göstərdi. Qarabağdakı erməni əhalinin “milli azlıq” olaraq Azərbaycan qanunvericiliyi çərçivəsində hüquqlarının qorunması məsələsi razılaşdırıldı. O cümlədən, Azərbaycan nümayəndələri ilə görüşmələri çağırışı edildi. Deməli, Bakının reinteqrasiyanı özündə ehtiyava edən “yol xəritəsi” Rusiya tərəfindən də qəbul olunur. Belə halda Araikin “oturaq aksiyası”na, yaxud digər hansısa addımına ehtiyac qalmır, çünki onların müdafiəçisi olan Moskva da reallığı qəbul edir. Fikrimcə, Araikə “oturaq aksiya” şousunun başa çatdırılması göstərişini də ruslar verib. Separatçıların başçısı da ermənilərə göstərir ki, görüş məhz onun “oturaq aksiya”sına görə baş tutub, artıq nəticə əldə etdikləri üçün buna son qoyur. Gülünc və gülüş doğuran məqamdır".

Qeyd edək ki, Araik  Moskvada ötən gün baş tutan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün də “bu aksiyanın nəticəsi” olduğu haqda gülünc bəyanat verib.