Erməni təxribatları Rusiyanın mövqeyi kimi qiymətləndirilməlidir  - RƏY

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Həmçinin Avqustun 16-sı saat 9 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib və qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sərhəddə baş verən son hadisələri “Sherg.az”a şərh edən hərbi ekspert Alparslan İmamqulu qeyd edib ki, şərti sərhədlərimizdə Ermənistanın təxribatlar törətməsi birmənalı olaraq Rusiyanın mövqeyi kimi qiymətləndirilməlidir:
"Çünki Ermənistan müstəmləkə dövlətdir və onun ordusunun fəaliyyəti Rusiya tərəfindən diqtə edilir. Ümumiyyətlə biz Ermənistanın terrorçu dövlət olduğunu nəzərə almalıyıq. Hansı ki, bu terrorçu qüvvələrin 10 minə yaxını hələ də Azərbaycan torpaqlarındadır. Onların bu fəaliyyətlərini dayandırmaq üçün isə yekun sülhə getməyə ehtiyac var. Ancaq buna qədər bəzi addımlar atmalıdır. İlkin olaraq Azərbaycan ərazisində mövcud olan terrorçu qüvvələr tam zərərsizləşdirilməlidir. Növbəti addım da isə Qarabağda yaşayan erməni əhalinin qarşısına ya qanunlarımızı qəbul edəcəksiniz, ya da çıxıb gedəcəksiniz şərti qoyulmalıdır. Yalnız bunda sonra sərhədlərimizin delimitasiyası və demarkasiyası prosesini başladılması mümkündür. Əgər bundan sonra da təxribatlar olarsa, dünyadakı nümunələrdən istifadə etmək lazımdır. Yəni bu gün Türkiyənin Suriya və İraqda antiterror əməliyyatları keçirdiyi kimi Azərbaycan da eyni şəkildə sərhədlərindən qıraqda əməliyyatlar keçirə bilər. Ümumiyyətlə daim risk var və buna görə də Azərbaycan ordusu daim inkişaf edir. Düşünürəm ki, tez bir zamanda antiterror əməliyyatlarının başlanılması qaçınılmazdır".