Dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
S.Lavrov telefon danışığı zamanı Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatlarının ən yüksək səviyyədə icrası nəzərə alınmaqla bütün məsələlərin tezliklə həllinin tapılmasının prioritet olduğunu bildirib.
O, həmçinin 1991-ci il “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə sadiqliyi də vacib hesab etdiyini vurğulayıb.
Lavrovun BMT TŞ dakı iclasdan öncə Mirzoyana zəng etməsi isə birmənalı qarşılanmayıb. Belə ki, ictimai rəydə " Rusiya XİN rəhbərinin erməni həmkarına BMT dinləməsindən öncə bəzi təlimatlar verir" idiaları dolaşır.
Telefon danışığının gizlinlərini "Sherg.az"a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, danışıqla bağlı əlində dəqiq məlumatlar yoxdur:
"İki XİN rəhbərinin danışığı onu göstərir ki, Lavrov və Mirzoyan arasında qeyri-rəsmi əlaqələr mövcuddur. Ola bilsin ki, Rusiya tərəfi Mirzoyana hansısa təlimatlar verir. Amma məndə bu səpgidə konkret məlumat yoxdur. Ancaq təcrübələr sübut edir ki, Ermənistan elitası Rusiya tərəfindən daimi şəkildə idarə olunur".