Polşa "Vaqner"in təxribatlarına hazırlaşır  - ŞƏRH

“Varşava daim Polşa-Belarus sərhəddində təxribatların olacağını gözləyir”.
 
Bu sözləri Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik deyib.

“Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Polşa seçkilərinə müdaxilə etmək, vəziyyəti sabitsizləşdirmək və müxtəlif təxribatlar etmək istəyəcəyini anlayırlar” deyə Vonsik vurğulayıb.

Belarusun hansısa başqa ölkəyə hücum etməyəcəyini söyləyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, onların hərbi müdaxilə üçün resursları yetərli deyil:

"Ümumiyyətlə rəsmi Minskin digər ölkələrlə bağlı verdiyi sərt açıqlamaların arxasında Kreml dayanır. Yəni Belarusun mövcudluğu tamamilə Rusiyadan aslıdır. Lukaşenkonun hakimiyyətdə qalmasının yeganə səbəbi də Moskva tərəfindən dəstəklənməsidir. Hətta o istənilən vaxt Rusiya tərəfindən dəyişdirilə bilər. Digər tərəfdən Belarus Avropanın sonuncu diktatura ölkəsi kimi xarakterizə olunur. Lukenşonko hakimiyyəti isə çox yaxşı bilir ki, Avropa ölkələri onu qəbul etməyəcək. Ona görə də Rusiyadan möhkəm yapışıb və Kremlin maraqlarına uyğun gələn addımlar atır. Məsələn, Ukrayna savaşında Rusiyanın bazası rolunu oynaması bunun ən bariz nümunəsidir".

Analitik əlavə edib ki, Belarus NATO ölkəsi olan Polşaya qarşı tək müharibə başalaya bilməz:

"Bildiyiniz kimi Rusiyada qiyam qaldırdığı bildirilən "Vaqner" silahlı birləşməsinin  bir hissəsi Belarusa yerləşdirilib. Ehtimal olunur ki, həmin dəstənin üzvlərin kiçik qruplara bölərək Polşa ərazisinə keçirməklə bağlı plan qurulub. Yəni "Vaqner"dən istifadə edərək Polşa, Litva, Latviya kimi Belarusla sərhəd olan və Ukraynanı dəsətəkləyən Şərqi Avropa ölkələrində təxribat yaratmaq istəyirlər. Polşa isə bu təxribatlara indidən hazırlaşır və qoşunlarının bir hissəsini Brlarusla sərhədlərinə yığıb. Son məlumat isə ondan ibarətdir ki, Baltikyanı ölkələr ümumiyyətlə Brlarusla sərhədləri bağlamaq niyyətindədir".