Rusiya haradadırsa, İranı ora çəkir - Ekspert 

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı keçirib və onunla beynəlxalq məsələlərdə, o cümlədən Tehranın bəzi ölkələrin birliyi olan " BRİCS"- ə   qoşulmaq marağı fonunda əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzv kimi iştirakını, həmçinin BRİCS-in fəaliyyətinə qoşulmaqda marağı müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Baş tutan telefon danışığını "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan qeyd edib ki, Rusiya və İranın hazırda qarşılaşdığı problemlərin oxşardır:


"Hər iki ölkə Qərbin və Avropa İttifaqının sanksiyalarına məruz qalıblar. Rusiya Ukraynanada müharibə aparır və İranda sözügedən savaşda dolayı yolla iştirak edir. Həmçinin neft-qaz sektorunda da hasilatla bağlı problemlər yaranıb və xarici sərmayələrə ehtiyac var. Ona görə də Rusiya özünün təmsil olunduğu qurumlarda İranın da iştirakına çalışır. Məsələn rəsmi Tehranın Avrasiya iqtisadi təşkilatına üzv olmasını istəyir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına isə nail oldu. İndi də BRİCS-ə qoşmağa çalışır. Ümumiyyətlə Rusiya hesab edir ki, perspektivdə BRİCS güc mərkəzinə çecriləcək və gələcək dünyanın təşkilatıdır. Ona görə də İranın BRİCS-də olmasına cəhd göstərir. Düzdür dünya əhalisinin yarısı bu təşkilatdadır, lakin BRİCS-in elə də perspektiv vəd etdiyini düşünmürəm. Çünki bu formata üzv ölkələrin ikisi olan Qərblə kəskin ziddiyyətdədir. Digər üzvlərin isə ABŞ və Avropa İttifaqı ilə yaxşı əlaqələri var" 
Analitikin sözlərinə görə, siyasi ziddiyyətlər fonunda yaranan formatlar uğursuz olur:

"Təməlində iqtisadi əməkdaşlıq və qlobal məsələlərdə ortaq mövqe olmayan ölkələrin siyasi ziddiyyətləri əsasında yaranmış birliklər adətən məğlubiyyətə uğrayırlar. Məsələn SSRİ dən miras qalan MDB-nin, Avrasiya İqtisadi İttifaqının və Şanxay Əməkdaşlıq Təşkilatının elə də ciddi prestiji yoxdur. BRİCS-də belə bir aqibət gözləyir. Odur ki, İranın perspektivdə bu təşkilata  üzv olub-olmaması iqtisadi mənfəət verməyəcək. Çünki BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının ticarət əlaqələri ABŞ-nin milli valyutası olan dollarladır. Bu da həmin formatların perspektivinin olmadığını söyləmək üçün kifayətdir. Ümumiyyətlə ,  sözügedən ölkələr və formatlar dünyadakı siyası qütbləşmənin nə mərəkəzidir, nə də qütb olmaq qüdrətinə malikdir".