Oxşarların faciəsi: İran Rusiya ilə məsləhətləşir

İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya səfər edib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ikitərəfli danışıqların rəsmi hissəsi Quru Qoşunlarının qərargahında baş tutub. Burada hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasını hədəfləyən layihələrin icrasına yönəlmiş hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Səfəri "Sherg.az"a şərh edən politoloq Tural İsmayılov söyləyib ki, İran bu gün Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirir:


"İki ölkə arasındakı hərbi əməkdaşlıq Rusiya-Ukrayna müharibəsində özünü göstərir. Ona görə də İran Quru Qoşunları komandanın belə bir həssas dövürdə Rusiyaya səfəri və Tehranla Moskva arasında hərbi məsləhləşmələrin aparılması bizim üçün sürpriz deyil". 
Analitikin sözlərinə görə, İran Rusiya əməkdaşlığı hərbi və siyasi mənada dərinləşir:

"Çünki onları birləşdirən oxşar talelər var. Bu gün hər iki ölkə yürütdüyü aqressiv siyasətə görə dünyanın güc mərkəzləri tərəfindən kənarlaşdırılır. Bu səbəblə də onların biri-birinə məhkumiyyəti yaranıb. Digər tərəfdən İran və Rusiya nə qədər ortaq kimi görünsə də, geopolitik rəqib kimi də hesab edilə bilər. Özəlliklə Rusiya İranın regionda güclənməyini və söz sahibinə çevrilməyini istəməyib. Lakin indiki məqamda Tehranın Moskvanın yanında yer alması təbiidir. Hesab edirəm ki, Şimal və Cənub qonşumuz hərbi sənaye sahəsində əməkdaşlıqlarını daha da dərinləşdirəcəklər".