“İkinci Qarabağ müharibəsi Ermənistan dövlətinin, həmçinin Qarabağda yaşayan erməni əsilli şəxslərin də ərazilərimizi öz qanunları ilə idarə etmək arzusunu gözündə qoydu. Lakin məğlub Ermənistanı himayə edən bəzi dövlətlər və təşkilatlar regionda söz sahibi olmaq üçün ambisiyalarını bu ölkə üzərindən həyata keçirmək istəyirlər”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov rus pasportları olan erməni əsilli şəxslərin Xankəndini tərk etməsindən danışarkən deyib.
O bildirib ki, bütün sahələrdə dəstək verməklə Ermənistanı yenidən revanş üçün hazırlaşdırırlar.
“Eyni zamanda, Qarabağı Azərbaycanın suveren ərazisi kimi görmək istəməyən qüvvələr də orada müxtəlif təxribatlar törətməyə cəhd edir. Qarabağda yaşayan erməni əsilli şəxslərə isə müəyyən vədlər verilərək onların Azərbaycana reinteqrasiya olunmaması üçün çalışırlar.
Paralel olaraq, Azərbaycanın guya Qarabağda yaşayan əhalini "humanitar böhran"la üz-üzə qoyduğu ilə bağlı iddialar səsləndirilir, hələ bu barədə Ermənistan beynəlxalq təşkilatlara müraciətlər də edir. Bir neçə gün öncə Ermənistanın təklifi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirə zamanı onların Azərbaycana qarşı irəli sürdüyü bütün iddialar uğursuzluqla nəticələndi. Müzakirənin yekun fikirlərinə əsasən məsələlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edildi. Bu da Ermənistanın beynəlxalq ailəmi aldatma cəhətlərini fiaskoya uğratdı. Bunda əvvəl isə bu ilin aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi yaradılmışdı. Qeyd olunan məsələlər göstərdi ki, Azərbaycan suveren ərazilərində beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa, edə bilər.
Beləliklə, Cənubi Qafqazda söz sahibi olmaq üçün Azərbaycanda möhkəmlənmək istəyən qüvvələrin Gürcüstanda və Ukraynada apardığı oyun Qarabağda reallaşmadı. Yəni "rus icması"nın yaradılması ilə ərazilərimizdə möhkəmlənmək istəyi həyata keçmədi. Çünki Azərbaycan ərazisində hansısa qondarma respublikanın yaradılmasına icazə verməz. Bu prinsipial məsələ olmaqla bərabər, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına da ziddir. Bu gün Azərbaycan müstəqil xarici və daxili siyasət yürüdən dövlət olaraq qarşıya qoyulan bütün məqsədlərə çatır. Bildiyimiz kimi, bir neçə gün öncə Qarabağda yaşayan erməni əsilli rus pasportlu şəxslərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkəmizi tərk etməsi ilə bağlı görüntülər yayıldı. Kadrlardan da görünürdü ki, onlar əşyaları ilə birlikdə Ermənistana gedirdilər. Bu da o anlama gəlir ki, erməni əsilli şəxslər Azərbaycanı birdəfəlik tərk edirlər. Əlbəttə, onlar istəsəydi Azərbaycan vətəndaşı olaraq Qarabağ iqtisadi rayonunda yaşaya bilərdilər”.
Analitik əlavə edib ki, Azərbaycan vətəndaşı olmaq istəməyən, ölkəmizin qanunlarını qəbul etməyən hər bir şəxs Qarabağı tərk edəcək:
“Maraqlı cəhət isə gedənlərin əksəriyyətinin gənc olması idi. Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, rus pasportlu şəxslərin Qarabağda baş verən erməni təxribatlarından bezməsidir. Çünki Azərbaycan öz ərazisində qanunsuz hərbi birləşmələrinin varlığı ilə barışan deyil. Həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, erməni silahlıları ərazilərimizdən çıxarılmalı idi. Lakin bu baş vermədi. Üçtərəfli Bəyanata və təhlükəsizlik məsələlərinə görə, Azərbaycan öz ərazisində istədiyi zaman antiterror əməliyyatı həyata keçirə bilər. Baş verən hərbi toqquşmada tərəf kimi qalmaq istəməyənlər artıq oyunun bir hissəəsi olmamaq üçün Qarabağı tərk edirlər.
Həmçinin artıq anlayırlar ki, onları müxtəlif şirnikləndirici vasitələrlə Qarabağda saxlamağa çalışan qüvvələr var.
İkincisi, erməni əsilli şəxslərin Azərbaycanı tərk etməsi öz istəkləri ilə olmaya da bilər. Belə ki, onların müəyyən məqsədlər üçün, hansısa planın bir hissi olaraq getmələri də ehtimallar arasındadır.
Üçüncüsü, 2025-ci ildə sülhməramlıların ölkəmizdəki fəaliyyəti yekunlaşır. Ola bilər ki, özlərinə dayaq kimi gördükləri sülhməramlılar onlara gedəcəkləri barədə mesaj veriblər”.