Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.
İTV-nin verdiyi məlumata görə, bu gün məntəqədən növbəti dəfə 113 şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.
Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.
Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu "Sherg.az"a bildirib ki, Rusiyanın Xankəndində olan vətəndaşlarını çıxartması haqqında məlumatı dəqiqləşdirmək lazımdır:
"Sual yaranır ki, burada söhbət hansı vətəndaşlardan gedir? Yəni biri var Qarabağın dağlıq hissəsində olan erməni əsilli əhali, biri də var orada xidmət etməyə və işləməyə gələn qüvvələr. Bu tam aydın deyil. Həmçinin biz Rusiyanın nə niyyəti olduğunu araşdırmalıyıq. Yəni Moskva vətəndaşlarının təhlükəsizliyini istəyir, yoxsa nəsə planlaşdırır sualına cavab tapmalıyıq. Bizə tək aydın olan isə Qarabağın dağlıq hissəsində ermənilər yaşayan iki istiqamətdə gərginliyin artmasıdır. Birincisi, Azərbaycanla qondarma qurum arasında olan gərginlikdir. Digəri isə qondarma qurumun daxilində baş verənlərdir. Bu şəraitdə isə hansısa hərbi qarşıdurmanın yaşanması istisna deyil. Rusiya çox güman ki, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə onları çıxarır. Köçdən sonra Xankəndində vəziyyətin necə olması isə bir çox amillərdən asılıdır. Yəni daxili mafiyalar orada öz münasibətini necə aydınlaşdıracaq, Rusiyanın bunlara təsiri hansı dərəcədə yetərlidir amilləri gedişat üçün önəmli faktordur. Ümumiyyətlə proseslərdən görünən odur ki, Ermənistanın qondarma quruma təsiri azdır. Hətta Paşinyan hökuməti özünü bir qədər kənara çəkib. Digər tərəfdən əgər qondarma qurumun daxilində gərginlik yaransa və qanunsuz silahlı birləşmələr bunu Azərbaycan, Ermənistan münasibətlərinə yansıtsa, bölgədə müəyyən hərbi qarşıdurma da yarana bilər".
Qeyd edək ki, son dörd gün ərzində “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərin sayı 300-dən çox olub.