Avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin
Yevgeni Priqojinə məxsus olduğunu göstərir.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin komissiyasındakı mənbədən bildirilib ki, Yevgeni Priqojin və ÖHŞ komandiri Dmitri Utkinin cəsədləri tanınıb, tezliklə genetik müayinə aparılacaq.
O da vurğulanıb ki, təyyarə partladılmış ola bilərdi.
Priqojinin ölümünün bir qədər gecikdiyini deyən tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a vurğulayıb ki, bu qətl Rusiya daxilində Putinə qarşı səslərini qaldırmaq istəyən radikal vətənpərvərlərə xəbərdarlıqdır:
"Ümumiyyətlə Priqojinin qətlində Qərbin əlinin olması inandırıcı görünmür. Çünki Qərb Rusiyadakı daxili siyasi situasiyanı absurd həddə çatdırmaqda maraqlı deyil. Məsələ burasındadır ki, Kreml Priqojinin ölümü ilə, Suriya, Liviya və Afrikada olan mövqelərini əhəmiyyətli dərəcədə itirəcək. İkincisi, Priqojin sadəcə cəzalandırıldı. Xatırlayırsınızsa, o Putinə qarşı çıxmışdı və Moskvaya 200 km qalmışa qədər irəlilədi. Sonra qəribə bir situasiya yarandı. Səhər tezdən Priqojini xəyanətkar adlandıran Rusiya lideri, 6 saat 40 dəqiqə sonra danışıqlara hazır olduğunu bildirdi. Hətta daha sonra o Putin tərəfindən qəbul olundu. Bu da kütləvi suallar yaratdı ki, nə baş verir? Lakin heç nə olmurdu sadəcə Putin qisas siyasətini həyata keçirirdi. Yəni əhalidə Priqojini bağışladığı ilə bağlı rəy yaratdı. Putin heç kəsi bağışlamır".
Analitik əlavə edib ki, Qərb sui-qəsddən xəbərdar idi:
"Çünki ABŞ tərəfi avqustun 21-də vətəndaşlarına Belarusu tərk etmək barəsində xəbərdarlıq etdi. Daha sonra isə Amerikanın kəşfiyyat xidmətinin rəhbəri Priqojinə pəncərənin qarşısında durmağı məsləhət görmədiyini bildirdi. Dünən isə ABŞ Prezidenti Bayden Priqojinin qətlinin arxasında Putinin dayandığını açıqladı. Hadisənin arxasında Kremlin durmasına dəlalət edən digər məsələ isə, Rusiya İstintaq komitəsinin məsələ ilə bağlı gülünc səbəbli bir cinayət işi açmasıdır. Belə ki, komitə hadisənin hava nəqliyyatında istismar qaydalarının pozulmasına görə olduğunu deyir. Yəni sən demə Priqojin və təyyarədəkilərin ölümündəki günahkar özləri imiş. Ümumiyyətlə Priqojinin ölümü Rusiyada heç bir daxili situasiyanı dəyişməyəcək və hakimiyyətə qarşı çıxışlar gözlənilən deyil. Əksinə Putin bütün Rusiya vətəndaşlarına açıq mesaj verdi ki, ona vətənpərvərlər gərək deyil".