Ukrayna Krımı yaxın zamanda azad edə bilməyəcək - Əhəd Məmmədli 

Ukrayna kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Rusiya tərəfindən 2014-cü ildə qeyri-qanuni ilhaq olunan Krım yarımadasına daxil olub.
 
UNIAN-a xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov “hromadske”yə açıqlamasında bildirib.

"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri xüsusi əməliyyat çərçivəsində desant çıxarıb, bütün tapşırıqlar yerinə yetirilib. Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə daxil olub. Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə xüsusi əməliyyat keçirib, məqsədə nail olunub, şəxsi heyət arasında itki olmayıb. Xüsusi əməliyyat davam edir, bütün təfərrüatları açıqlamırıq, düşmənin şəxsi heyəti, eləcə də qüvvə və vasitələri arasında itkilər var. Ölənlərin sayı ilə bağlı məlumat dəqiqləşdirilir", - Yusov qeyd edib.

Müharibədə belə hadisələrin olduğunu deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a şərh edib ki, Ukraynanın hücumu sadəcə dversiya xarakteri daşıyır:
"Yəni bu geniş bir əməliyyat deyil və Krımda irəliləməkdən söhbət getmir. Ümumiyyətlə ukraynalılar Krımı daima nəzarətdə saxlayırlar. Yəni rusları  gərgin vəziyyətdə saxlamaq istəyirlər. Bu isə doğru yanaşmadır. Ancaq düşünmürəm ki, Ukrayna yaxın zamanlarda Krımı azad edəcək. Çünki onların əks-hücum əməliyyatları belə istənilən nəticəni vermədi. Ona görə də bu Ukraynanın sırf daxili auditoriyasına hesablanmış addım ola bilər. Digər tərəfdən Moskvada hansısa bir qarışıqlığın olduğunu da düşünmürəm. 

Əksinə Priqojinin ölümü Putin tərəfindən problemin həlli idi. Bu hadisədən sonra heç kəs Putinə qarşı baş qaldırmağı ağlına gətirməyəcək".