Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin ediləcək. Erməni mediası xəbər verir ki, rusiyalı general-mayor Kirill Denisoviç Kulakov bu vəzifəyə gətirilir. Hələlik, təyinatla bağlı Rusiya MN-dən hər hansı açıqlama yoxdur.
Məlumatı “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov qeyd edib ki, 2020-ci ilin 10 noyabr tarixindən bu yana biz çoxsaylı komandanların dəyişikliklərini görmüşük:
“Hətta bəziləri seperatçılarla çox sıx münasibətdə olub və təmaslar formalaşdırıblar. Bəzilərindən isə Qarabağ erməniləri şikayətçi durumdadırlar. Lakin hər dəfə yeni təyinat olanda mediada belə bir məlumatlar dolaşır ki, sanki yeni komandan nəyisə kökündən dəyişə biləcək. Yəni Rusiya müdafiə nazirliyinin təlimatlarını burada geniş şəkildə icra edəcək və zəmin üzərində Kremlin mövqeyi bu və digər formada dəyişəcəkdir. Ancaq gözlənilən daha sonra baş vermir. Bəli, əvvəlki dövrlərdə komandanlar müəyyən davranışları ilə burada dəyişiklik anonsunu verirlər, lakin daha sonra vəziyyət tamamilə fərqli olur. Bu gün əlbəttə ki Azərbaycanın siyasi iradəsi, prinsipiallığı, siyasi baxışları, siyasi gündəliyi sülh yönümündə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətindədir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, 2025-ci ildə sülhməramlıların bölgəni tərk etməsi aktuallaşacaq. Bu istiqamətdə daha geniş fikirlərimizi isə qarşıdakı dönəmdə bildirə bilərik. Çünki bizi hardasa bir ildən çox bir zaman gözləyir. Lakin mənə elə gəlir ki, 2025-ci il sülhməramlıların regionu tərk etməsi ilə yadda qala bilər. Ola bilsin məhz bu narativləri dəyişmək üçün komandanın müxtəlif fikirləri olacaqdır. Amma bizim üçün heç nə unudulmur. Eyni zamanda bir incə detala da mən toxunmaq istərdim. Recep Tayyip Ərdoğan bildirmişdi ki, Rusiya verdiyi sözü tutacaq. Bu isə çox önəmli siyasi mesajlardır. Düşünürəm ki, bunlar diqqətlə nəzərə alınmalı məqamlardır. Hələlik isə hər hansı bir komandanın dəyişikliyi yalnız epizodik xarakter daşıyır”.