Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərində könüllü birləşmələrin əsgərlərinə, dövlət mühafizə müəssisələrinin işçilərinə Rusiyaya sədaqət andı içmək haqqında fərman imzalayıb.
Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, sənəd Yevgeni Priqojinin ölümündən iki gün sonra imzalanıb.
“Röyters” jurnalistləri hesab edir ki, Putinin “Vaqner” muzdluları və digər özəl hərbi podratçılar üçün məcburi andlar tətbiq etməsi bu cür qrupların daha sərt dövlət nəzarəti altına alınması istiqamətində bir addımdır.
"Vaqner"in Rusiya tərəfindən yaradılan layihə olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a şərh edib ki, həmin dəstənin başına da Putinin ən yaxın adamlarından olan Priqojin gətirilmişdi:
"Sonraki mərhələdə isə "Vaqner” o qədər güc qazandı ki, onun lideri dövlətə qarşı özündə doğru bildiyi düşüncələrini irəli sürmək, hətta həyata keçirilməsini tələb etmək iqtidarını tapdı. Bu da "Vaqner" kimi hərbi şirkətlərdə sistemdən çox liderin önəmli faktor olmasının nəticəsidir. Nəticədə Rostovda başlayan və birbaşa Moskvadakı iqtidara qarşı çevrilən bir üsyanın şahidi olduq. Düzdür, bu Putinə qarşı nəzərdə tutulmamışdı. Lakin onların əsas hədəfləri rus ordusunun Müdafiə naziri və Baş qərargah rəisi idi. Müharibə sırasında isə Rusiya kimi bir ölkənin Müdafiə nazirini və Baş qərargah rəisini hansısa hərbi şirkətin tələbi ilə dəyişməsi bəzi xoşagəlməz təsirlərə səbəb ola bilərdi".
Analitik əlavə edib ki, Priqojin hansı qrupun rəhbəri olduğunu yaxşı bilirdi:
"Bu səbəblə də Moskvaya qədər gedə bildi. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko araya girməsəydi iqtidara ciddi zərbə vura bilərdilər. Üsyandan sonra Kreml dərk etdi ki, "Vaqner" hər nə qədər Afrikada Rusiyanın maraqlarını müdafiə edərək uğurlu nəticələr qazansa da, onun güclənməsi müəyyən fəsadlara səbəb ola bilər. Yəni Putin bundan dərs çıxardı və Priqojinin ölümündən sonra təşkilatı nəzarətdə saxlamaq üçün əlavə mexanizmlər işə salmaq istəyir. Hərbi qruplaşmalar üzərində nəzarətin gücləndirilməsi də bu məqsəddən xəbər verir. Nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. Düşünürəm ki, "Vaqner" daxilində də müəyyən qruplaşmalar meydana çıxa bilər. Çünki qrupda Priqojini sevən minlərlə döyüşçü var. "Vaqnerçilərin" müəyyən hissəsi sırf Priqojinə görə döyüşürdü. Sözügedən qrupların Moskvanın tabeliyinə keçməsi və ya qisas alacağı isə sual altındadır. Hər halda Kreml bunları hesabladığı üçün "Vaqner"i nəzarəti altına almaq istəyir".