ABŞ Rusiyanın Krım tatarlarına qarşı hücumlarını pisləyib.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X”də yazıb.
“ABŞ Rusiyanın Krım tatarlarına qarşı davam edən təqiblərini, o cümlədən yeni kütləvi həbsləri kəskin şəkildə pisləyir. Rusiya Krım tatarlarına qarşı təqiblərinə və Ukraynanın işğalına son qoymalıdır”, - o bildirib.
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyanı Krım tatarları ilə bağlı ittiham etməsinin bəzi haqlı səbəbləri də var:
“Təbii ki, Amerikanın dövlət maraqlarına xidmət edən açıqlamadır. Eləcə də, beynəlxalq hüququn müdafiəsi kimi dəyərləndirilə bilər. Rusiya 2014-cü ildən Krım tatarlarına qarşı ciddi təyziqlər və təhdidlər yönəltməkdədir. Çünki rusların Krıma köçürülməsi, yerli sakinlərin ərazidən çıxarılması prosesi sürətlənib. Eynilə SSR dövründə Axıska türklərinə qarşı baş verənlərin müxtəlif formaları təkrarlanır. Fərqi odur ki, ümumiyyətlə, ərazidən çıxardırlar, Rusiyaya köçürtmürlər. Türkiyədə xeyli sayda Krım tatarı var. Rəsmi Ankara dəfələrlə Rusiyanı bu məsələyə görə tənqid edib, yəni Krım tatarlarını ordan tərpətmək olmaz.
Krım tatarlarının tutduğu mövqe əslində öz torpaqlarında yaşamaqdır. Amma Rusiyanın etdikləri zorla didərgin salmaq, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Birləşmiş Ştatlar rəsminin açıq tənqidi kəşfiyyat məlumatlarının olduğundan xəbər verir. Deməli, Rusiya Ukrayna ilə müharibənin fonunda daha da aqressivləşib, repressiv hərəkətləri gücləndirib".