“Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir:
“Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur”.
Açıqlamanı "Sherg.az"a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Medvedev bu cür hədələri çox edib:
"Düzdür NATO ölkələri Kiyevə dəstək verir, ancaq Ukrayna Alyansın üzvü deyil. Əgər Rusiya Ukraynaya hücum edərək şəhərlərini bombalayırsa, təbii bunun qarşılığı olmalıdır. Ümumiyyətlə Medvedev sadəcə hədə-qorxu gəlir. Çünki Rusiya tərəfi "hər zaman bizim atom bombamız var və istifadə edə bilərik" deyir.
Ancaq Kreml unudur ki, NATO ölkələrinin də nüvə silahı var. Sual yaranır ki, bəs qarşılıq olaraq Alyans üzvləri nüvədən istifadə etsə, nə olacaq? Ona görə də mən düşünmürəm ki, Rusiya indiki məqamda NATO ilə müharibəyə başlasın. Əgər belə bir şey olarsa, artıq üçüncü dünya müharibəsi başlayacaq. Ümumiyyətlə Alyans açıq şəkildə Ukrayna tərəfindən döyüşməyənə qədər Kreml onlara hücum etməz. NATO isə birbaşa müharibəyə qoşulası deyil".
Qeyd edək ki, D.Medvedev daha əvvəl Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.