Rusiya Federasiyası əvvəlki kimi döyüşə bilmir və geri çəkilməyə hazırlaşır. Buna görə də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin ləğv edildi, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkov (Qirkin) isə nəzarətə götürüldü.
Bunu “Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin deyib.
“Sistem tikişlərlə parçalanır. Sistem yorulub. O, 2022-ci ilin yazında və yayında başladığı həcmdə mübarizəni davam etdirə bilməz. Sursatla, orduda xidmət etmək istəməyən, evakuasiya tələb edən çoxlu sayda insanla, ərazilərdə təxribat təlimatları və əmrləri ilə bağlı problemlər yaşanır. Ona görə də şəxsən mən burada sistemin müəyyən dərəcədə geri çəkilməyə hazırlaşdığını görürəm. Super optimist olub müharibənin sabah bitə biləcəyini demək istəmirəm. Amma aydındır ki, Rusiya müharibəni hələ altı ay əvvəl olduğu formatda apara bilməz”, - Oseçkin bildirib.
Oseçkinin fikirlərinin həqiqətəuyğun olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Rusiya ordusu böyük ölçüdə döyüş qabiliyyəti itirib:
"Bəzi Qərb mütəxəssislərin fikirlərinə görə savaşdan öncəyə nəzərən Rusiya ordusunun döyüş qabiliyyəti 50 faizə qədər azalıb. Burada söhbət həm canlı qüvvə və texnika itkisindən, həm də itirilmiş texnikanın bərpasından gedir. Bu baxımdan ciddi döyüş qabiliyyəti itkisi var. Ümumiyyətlə Rusiyanın savaşın ilk mərhələsində istifadə etdiyi ilk qüvvələri daha professional idi. Böyük hissələri sıradan çıxarıldı. Sonrakı mərhələdə orduya çağırılanlar isə hərbi təlim görməmiş əsgərlərdir. Üstəlik artıq Rusiya tərəfi də etiraf edir ki, elit qoşun növünə məxsus olan desant qüvvələri Kiyev ətrafındakı döyüşlərdə tamamilə itirilib. Desant qüvvələrin hazırlanmasına isə illər lazım olur və onların bərpası indiki situasiyada mümkün deyil. Həmçinin bəzi qeyri-rəsmi məlumatlar var ki, Rusiya canlı itkilərin bərpası üçün yenidən səfərbərlik etmək niyyətindədir. Bildirilir ki, təxminən 300-500 min arası şəxsin orduya cəlb olunması nəzərdə tutulur".
Analitikin sözlərinə görə, Ukrayna savaşını uduzduğunu Kreml də bilir:
"Ona görə də Moskva savaşdan mümkün qədər az itki ilə çıxmağa çalışır. Yəni Rusiya Krım və Dombaskın əlində qalması şərti ilə danışıqlar masasına oturmağa can atır. Əgər Qərb buna razılaşmasa, şimal qonşumuzun indiki hərbi potensialını da itirməyə başlayacaq. Yəni müharibə bir neçə il də uzansa, Rusiya qoşunları öz sərhədlərinə geri çəkiləcək və Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək şansı qazanacaq. Bu versiyanın isə yaxın vaxtlarda baş tutma ehtimalı görünmür. Çünki Ukraynanın sülh danışıqlarına başlama kimi qeyri-rəsmi hüququ yoxdur. Ona görə ki, ABŞ və Qərb rəsmi Kiyevə belə bir hüquq tanımır. Ümumiyyətlə Qərb Rusiyanı dünyada söz haqqı olmayan bir dövlətə çevirmək istəyir".