Avropa İttifaqının (Aİ) növbəti sammitində Ukraynanın təşkilata üzvlük məsələsi müzakirə olunacaq.
Bu barədə (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bled Strateji Forumu üçün hazırlanmış çıxışında deyilir.
Məlumata görə, Aİ-nin növbəti sammitində Ukrayna ilə yanaşı, Bosniya və Herseqovina, Gürcüstan və Moldovanın da üzvlük məsələsi müzakirəyə çıxarılacaq.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, indiki şəraitdə Ukraynanın Avropa İttifaqına üzv olacağını zənn etmir:
"Amma bu baş verərsə, Ukrayna ərazilərindən imtina etmək məcburiyyətində qalacaq. Yəni ciddi problemlərlə üz-üzə qalacaq. Həmçinin belə halda münaqişə Avropa Birliyinin sərhədləri daxilinə daşınmış olacaq. Sual yaranır ki, Aİ belə bir məsuliyyəti üzərinə götürəcək? Çünki onların özü də Rusiyaya qarşı münasibətdə yekdil deyillər. Hətta İtaliya kimi Avropa Birliyinə daxil olan bir neçə ölkədə Kremlin təsir imkanları böyükdür. Şarl Mişel isə Qərbin qərbindən aldığı mesaj əsasında bu fikirləri səsləndirir. Ancaq yenə də deyirəm, Ukraynanın Avropa İttifaqına üzvlüyü qeyri-ciddi yanaşmadır".