Azərbaycanın səbri daşır  - Ermənistan üçün ağrılı olacaq!

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Hadisəyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, rusların müvəqqəti nəzarətində olan Qarabağ 
iqtisadi rayonundakı erməni silahlılarının son aylarda aktiv şəkildə atəşkəsi pozması Azərbaycanın səbrini daşırır:

"Bu təxribatların yaxın müddət ərzində erməni silahlıları üçün ağrılı nəticələnəcəyi şübhəsizdir. Hazırda Ermənistanla danışıqlar prosesi də dayandırılıb. Ümumiyyətlə Qarabağdakı qanunsuz silahlıların Azərbaycan əsgərinə atəş açması qəbuledilməzdir. Təxribatların qarşısının alınması ən qısa müddətdə Azərbaycan ordusunun yerdəyişməsi ilə müşahidə olunacaq. 
Yəni rəsmi Bakının növbəti addımları atəş açılan ərazilərin darmadağın edilməsi və erməni təxribatlarının məhvi ilə nəticələnəcək. Türkiyə müdafiə naziri və baş qərargah rəisinin Azərbaycana səfəri isə iki ölkə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır. Həmçinin görüş zamanı iki qardaş ölkənin müdafiə strukturlarının rəhbərləri tərəfindən Qarabağda, rusların nəzarətində olan ərazilərdə və Azərbaycan-Ermənistan şərti sərhəddində baş verən hadisələrin müzakirəsi aparılıb. Hər bir halda bizim növbəti addımlarımız Ermənistan və onun Qarabağda saxladığı 10 min nəfərlik silahlı birləşməsi üçün kifayət qədər ağrılı olacaq".