Azərbaycan-Türkiyə: Qardaşlıq yardımı, ünsiyyət, doğmalıq 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Avqustun 28-i isə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın Azərbaycana səfəri baş tutub.
Daha sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.
İki ölkə arasında qarşılıqlı səfərləri "Sherg.az"a dəyərləndirən əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi yöndə də əsas müttəfiq kimi Türkiyəni görür:

"Aradan keçən müddət ərzində Azərbaycan Türkiyə ilə hərbi müttəfiq sahəsində çox vacib sənədlər imzalayıb.  Bu sənədlərin arxasında konkret olaraq 30 il ərzində Azərbaycan ordusunun əldə etdiyi uğurlar dayanır. Atəşkəs dövründə Azərbaycan dünyanın bütün ölkələri ilə hərbi sahədə əməkdaşlığa maraq göstərən, öz ordusunun modernləşdirilməsi istiqamətində ciddi addımlar atan ölkədir. 30 ildən çoxdur ki,  inkişaf etmiş ölkələrinin hərbi sənayesi, şəxsi heyəti və ordu quruculuğu ilə yaxından maraqlanıb. Bu maraq o qədər yüksək olub ki, dünyanın hərbi ekspertləri Azərbaycanın bu addımını dəyərləndirməli olublar. Məsələn, Rusiya mənsubları da bunu iddia edib. Silah sərgilərində müşahidəçi və nümayişçi qismində yaxından iştirak edib.  Bu sərgilərdə nümayiş olunan silahları zaman-zaman öz Silahlı Qüvvələrinin sırasına daxil edib. Azərbaycan həmçinin bu silah-sursatı idarə edəcək kadrlar yetişdirir. Azərbaycanın hərbi sahədə 30-dan çox ölkə ilə 1-2 və daha çoxtərəfli müqavilələri var. Bu hərbi müttəfiqlər arasında isə Türkiyə birinci yerdə dayanır. Türkiyənin Azərbaycan dövlətinə, ordusuna və  xalqına  göstərdiyi diqqət heç  bir ölkə ilə müqayisə edilə bilməz. Burada qardaşlıq yardımı, ünsiyyəti və doğmalığı var. Döyüş hazırlığına görə Türkiyə NATO dövlətləri içərisində birinci yeri tutur. Dünya zaman keçdikcə dəyişir. Bunlar davam etdikcə analoqu olmayan yeni mübadilə məsələləri ortaya çıxır. Parametrlər, koordinatlar, tələblər dəyişdikcə yanaşmalar da müxtəlif olur. Ordunun modernləşməyə və islahatlara ehtiyacı var. İnsandan kənarda öz missiyasını yerinə yetirən silahlar var. İnkişafdan geri qalmamaq üçün ölkələr mütəmadi olaraq bir-biri ilə təcrübə mübadiləsi aparırlar. Bunun arxasında isə Türkiyə və Azərbaycan qardaşlığı dayanır. Bu bizim üçün çox böyük əhəmiyyət daşıyır". 

İ.Rüstəmli onu da vurğulayıb ki, dünya səhnəsində Azərbaycan və Türkiyənin siyasi mövqeyi arasında kəskin  vurğunluq var: 
"Dünya dövlətləri içərisində Türkiyə və Azərbaycan kimi siyasi maraqları üst-üstə düşən üçüncü bir ölkə yoxdur. Bu baxımdan Azərbaycanın hərbi sənayesi, Silahlı Qüvvələri və Müdafiə qabiliyyətinin güclənməsi Türkiyənin də maraqları daxilindədir. Bu gün onların istiqlal günüdür. Yəni Türkiyənin də inkişafı bizim üçün önəmlidir. Azərbaycan Türkiyəni özünə çətin günün dostu, qardaşı görür. Qarabağa tırlar göndərirlər. Biz isə öz hümanitar yardımlarmızı göndəririk. Deyirlər ki, bizə kimsənin çörəyi lazım deyil. O zaman Türk torpağında nə itin azıb? Bütün bunların arxasında İrəvandan daha çox Rusiya, İran və Fransa dayanır. Qarabağ məsələsinin tarixə basdırılmasını qətiyyən istəmirlər. Buna görə də Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi bizim ordumuzun inkişafı deməkdir. Azərbaycan ordusunun güclənməsi isə torpaqlarımızın, ərazi bütövlüyümüzün və suverenliyimizin zəmanətidir".