Vaqif Xaçaturyanla bağlı çıxarılan qərar ədalətlidir
Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini də rədd edib.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Ç.Əsgərov qeyd edib ki, bu, bir ayda Ermənistanın rədd edilmiş artıq dördüncü müraciətidir.
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin sədri, Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Səadət Bənənyarlı isə "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın hüquqi müstəvidə atdığı addımlar xalqın səsinin bariz göstəricisidir:
"Bu, Azərbaycanın qələbəsindən xəbər verir. Yəni Azərbaycan xalqı münaqişədə haqlıdır. Bu münaqişələr isə haqq yolu ilə həll olunacaq. Avropa Məhkəməsi hansısa ölkənin tərəfini tutmur. Sadəcə olaraq onlar haqlı tərəfin yanındadır. Avropa standartlarında hüquq terminologiyasından istifadə olunur. Həmin şəxsin cinayəti təsdiq olunubsa, bu qərarlar yerinə yetirilməlidir. Bu gün qəbul olunmuş qərar da Ermənistanın üstünlüyünə xidmət etmir’’.