Ermənistan sülh çağırışlarından boyun qaçırır - Rəsmi İrəvana sonuncu şans!

Öz məkrli siyasətlərində əl çəkməyən Ermənistan Azərbaycana qarşı təxribatlar törətməyə davam edir.

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutulub.


Erməni təxribatlarını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Ermənistan əməlləri ilə guya Cənubi Qafqazda heç zaman sülhün olmayacağını göstərməyə çalışır:

"Həmçinin bölgəmizdə gərginliyin davamlı xarakter alması ilə bağlı Beynəlxalq dairələrə mesaj vermək istəyir. Ermənistan Azərbaycanın sülh çağırışlarından boyun qaçırır. Bununla da bölgədə digər xarici güc dairələrinin maşası olduğunu və Azətbaycan əleyhinə Ermənistandan klon kimi istifadə edildiyini sübut edir. 

Baxmayaraq ki, Ermənistan mütəmadi olaraq İran, Hindistan və digər ölkələr tərəfindən silahlandırılır. Amma Nikol Paşinyan hakimiyyətinin bu gün bizimlə savaş aparacaq halı və gücü yoxdur. Eyni zamanda Ermənistan vaxtı uzatmağa çalışır. Çünki belə başa düşür ki, Azərbaycan ilə münasibətlərdə vaxtı udsa, xarici güc faktorlarından istədiyini əldə edə biləcək. Rəsmi İrəvan üçün sonuncu şans tarixi yetişib. Ermənistan ya mütləq Azərbaycan ilə sülh imzalayıb, regiona barışıq gətirməli, ya da bu prosesdə təxribatçı və qızışdırıcı mövqedə durmamalıdır. Əks halda onları çox problemli gələcək gözləyir".