Bütün bunlar Rusiyanı ötən əsrin 90-cı illərinə - kriminal xaos dövrünə qaytarmağa hazırlayır
Sentyabrın 5-i gecə saatlarında Moskvaya PUA hücumu edilib. Məlumata görə, Moskvaya doğru uçan PUA Rusiya Prezidenti Vladimir Putinin Tver vilayətindəki Zavidovo iqamətgahı yaxınlığında vurulub. Ərazidən PUA-nın qalıqları da tapılıb.
Həmçinin eyni zamanda Donbas separatçılarının generalı Yuri Afanasyevskiyə də sui-qəsd edilib.
Məlumata görə, partlayış generalın evində baş verib. Baş, boyun və sinəsindən yaralanan general ağır vəziyyətdə reanimasiyadadır.
Partlayışın Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi ehtimal olunur.
Qeyd edək ki, Afanasyevski Rusiya FTX-sinin general-mayoru və casusu qondarma “lxr”in rəhbəri Leonid Paseçnikin “maliyyəçi”si hesab olunur.
Hər iki hadisə ilə bağlı Rusiyanın teleqram kanalları məlumat yayıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Moskvaya qarşı PUA hücumları ilk dəfə baş verən hadisə deyil: “Belə hücumlar son vaxtlar tez-tez baş verir və hətta adiləşməyə başlayıb. Rusiya vətəndaşları, xüsusilə də, moskvalılar PUA hücumlarına vərdiş etmiş kimi görünürlər.
Yəni belə hadisələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri ilə eyni vaxta düşməsi də o qədər gözlənilməz deyil. Rusiyadakı diversiya aktları ilə Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri arasında hansısa əlaqənin ola biləcəyini iddia etmək hələlik mümkün deyil. Ancaq bu hadisələrin törədilməsində Rusiyanın beynəlxalq imicinin daha da sarsıdılmasına cəhd göstərildiyi qətiyyən şübhə doğurmur.
Təbii ki, son vaxtlar Ukrayna kəşfiyyatı Rusiya ərazisində bir sıra hərbi əməliyyat törətməyə nail olub. Bundan öncə Krım yarımadasında da diversiya aktları törədilmişdi".
Ekspert onu da qeyd edib ki, Donbas separatçılarının generalına qarşı sui-qəsdin müəyyən şübhəli məqamları var:
"Çünki belə sui-qəsd cəhdi üçün generalın yaxın ətrafının dəstəyi vacib ola bilərdi. Yəni Ukrayna kəşfiyyatı törətmiş olsa belə, istənilən halda, xəyanət variantı istisna deyil.
Eyni zamanda belə hadisələr Rusiyanın daxilində amansız xarakter almış hakimiyyət uğrunda mübarizənin də nəticəsi ola bilər. Putindən sonrakı dövrə iddialı siyasi qruplaşmalar artıq özlərinə problem yarada biləcək şəxsləri "təmizləməyə" başlayıblar. Ancaq onlar belə təmizlik prosesini sonradan mütləq Ukrayna kəşfiyyatı ilə əlaqələndirməyə üstünlük verirlər. "Vaqner" rəhbəri Yevgeni Priqojinin təyyarəsinin partladılmasında da eyni taktika ön plana çıxarılmışdı. Kremlə yaxın propoqanda vasitələri bu cinayəti Ukrayna kəşfiyyatının üzərinə yükləməyə çalışdılar. Ancaq sonradan məlum oldu ki, Yevgeni Priqojinin təyyarəsi Rusiya ərazisindən HHM sisteminin raket zərbəsi ilə vurulub. Donbas separatçılarının generalına sui-qəsd də oxşar ssenari ilə törədilmiş ola bilər.
Ümumiyyətlə isə bütün bunlar onu göstərir ki, Rusiya siyasi elitasında ciddi parçalanma və daxili savaş mövcuddur. Yəni Rusiyada hakimiyyət uğrunda mübarizə artıq başlayıb. Bütün bunlar isə Rusiyanı ötən əsrin 90-cı illərinə - kriminal xaos dövrünə qaytarmağa hazırlayır".