Ermənistanın Baş naziri Nikol Paşinyanın İtalyanın ən böyük qəzetlərindən olan "La Repubblica"ya müsahibəsi Moskvada bomba effekti yaratdı. Bu da səbəbsiz deyil. Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazı tərk edəcəyi ilə bağlı "öncəgörmə" ilə çıxış edərək: "Bir gün biz oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik"- deyə o qeyd etdi. Ermənistan Baş nazirinin bu "öncəgörmə"sində onun arzusunun əks olunduğu açıq hiss edilir.
Bu isə Rusiya ilə Ermənistan arasında toqquşma xarakterli hadisələrin baş verməsinə səbəb oldu.
Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onu "hansısa katibə" adlandırması vəziyyəti daha da gərginləşdirdi.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistanın gerçək müstəqilliyi Rusiyadan uzaqlaşmaqdan keçdiyini artıq Nikol Paşinyan anlayır:
"O qısa bir zamanda sülh sazişini imzalamaq və “Qarabağ yükü”ndən xilas olmaq istəyir. İrəvana Ankara və Bakı ilə münasibətləri tənzimləmək lazımdır. Lakin Rusiya sülh sazişinin imzalanmasına imkan vermir. Kremlə sülhməramlı missiyasını hərbi baza statusu ilə əvəzləmək lazımdır. Kreml anlayır ki, "10 Noyabr sazişi”nin heç bir hüquqi qüvvəsi yoxdur. Bakı da bu sənədə imza atdığı zaman manevr üçün "əl yeri” qoymuşdu. Əslində, saziş xarakterli sənədin bəyanat adlandırılması, onun parlamentdə ratifikasiyasının qaçılmazlığından imtina imkanını əldə etmək məqsədi daşıyırdı. Bu məsələdə Paşinyan da təkid edirdi. Həmin hərbi-siyasi şəraitdə belə bir sənədi parlamentin ratifikasiyasına çıxarmaq Paşinyanın maraqlarına cavab vermirdi. Birincisi, müxalifət ratifikasiya prosesini poza bilərdi. İkincisi, ratifikasiya ilə bağlı vaxt itkisi sazişin müddəalarının reallaşdırılmasını mümkünsüz edə bilərdi. Bu isə Rusiyanın Azərbaycanda öz hərbi təmsilçiliyinin bərpası ilə bağlı planlarını poza bilərdi.
Rəsmi Bakının ratifikasiya ilə bağlı elə bir problemi yox idi. Parlamentə belə bir sənəd daxil olsaydı, Milli Məclis onu müzakirəsiz ratifikasiya edəcəkdi. İlham Əliyev manevr edə bildi - sənəd "Bəyanat” adlandırıldı. Bəyanatın isə ratifikasiysına ehtiyac qalmırdı. Lakin burada bir amili nəzərə almaq zorundayıq. Hüquqi qüvvəsi olmayan bu sənədin faktiki qüvvəsi yetərincədir. Effekti azaltmaq üçün sülhməramlılara qapını göstərmək lazımdır".
Ekspert onu da vurğulayıb ki, Rusiya Qarabağla bağlı iki senari üzrə işləyə bilər:
"Hansısa təxribatçı qüvvələr sülhməramlılara qarşı təxribata yol verə bilər. Bununla da Kreml "öz vətəndaşlarını qorumaq” adı ilə hərəkətə keçməsi mümkün olar. 2008-ci ilin avqustunda Gürcüstanda da belə olmuşdu. Rəsmi Tiblisi separatçı rejimlərlə atəşkəs sənədi imzalamışdı. 2008-ci il avqustun 8-də Gürcüstan Cənubi Osetiya separatçılarının hücumunu dayandırmaq üçün cavab verməyə vadar oldu. Kreml dərhal bəyanat verdi ki, Rusiya sülhməramlıları birbaşa atəşə tutulub və Tiblisi əslində Rusiyaya müharibə elan edib.
Prezident Saakaşvili dərhal bəyan etdi ki, birtrərəfli qaydada atəşkəsə sadiqdir və separatçılara cavab verməyəcək. Lakin Qərbyönümlü prezidentə qulaq asan olmadı. Rusiya az qala Tiblisiyə qədər irəlilədi. Amma Saakaşvili Qərbdən, xüsusən də, Birləşmiş Ştatlardan gözlədiyi yardımı ala bilmədi. Rus sülhməramlılarının yerləşdirilməsinin əsas məqsədi də məhz bu ssenarinin işləyə bilməsi üçün olduğunu Saakaşvili bəyan etmişdi.
Burada təhlükəli məqam başqa məsələdir. Paşinyan hakimiyyətdən getsə, onu əvəzləyəcək yeni lider konstitusiyanı əsas götürəcək. Paşinyanın imzaladığı sənədi isə adi bir kağız adlandıracaq. Paşinyan Qərbin dəstəyini ala bilməsə, onun devrilməsi baş tutacaq. Bundan sonra Paşinyanı Rusiyapərəst biri əvəzləyəcək və Nikolun xələfi savaş baltasını havaya qaldıracaq. Revanş ermənilərə böyük uğur gətirə bilməz, lakin Avropanın himayəsi ilə imzalana biləcək sülh sazişini də imkansız edəcək. Həmçinin sülhə təminat verəcək geopolitik masanın Rusiyasız qurulmasına Moskva etiraz edir. Zaxarova Avropa Birliyinin Qafqazda Rusiyanın dominantlığına qarşı demarşının qəbuledilməz olduğunu bəyan edir. Əliyev və Paşinyan buna baxmayaraq, sülh sazişinə imza atmaq riskinə gedə bilərmi? Şübhəsiz ki, gedə bilərlər. Lakin Moskva bu zaman atəşkəsin pozulaması və danışıqların dalna dirənməsinə çalışacaq. Kreml dəfələrlə belə təxribatları həyata keçirə bilib.
Nəzərə alaq ki, Ermənistan siyasi və hərbi elitası hələ də Rusiyanın təsir dairəsindədir. Azərbaycanda da ordunun gözdən salınması istiqamətində atılan addımların məhz Rusiyadan qaynaqlandığını iddia edə bilərik. Problem ondadır ki, Azərbaycan iqtidarı üçün daxili təhdid yoxdur. Siyasi elita "cızığından çıxanları” kənarlaşdıra bilir. Ermənistanda isə Paşinyan və komandasını, o cümlədən Ter-Petrosyan tərəfdarlarını çıxmaq şərti ilə Rusiyaya qarşı demarş edəcək qüvvələr azdır. Elə bu səbəbdən də Paşinyan tələsir. Nikol anlayır ki, Rusiya onu devirmək istəyir. Odur ki, Kremlə qarşı açıq demarşlar edir".