Cozep Borrel: “Namizəd statusu üçün Gürcüstanda hələ çox iş görülməlidir”

Gürcüstan zəruri islahatları həyata keçirmək üçün yerdə qalan qısa vaxtdan istifadə etməlidir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Tbilisi ofisində keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, Gürcüstan Aİ üçün vacib tərəfdaşdır və hazırkı dövr Gürcüstanın Avropa gələcəyi üçün vacib andır.

“Çünki bir neçə həftəyə Aİ Gürcüstanın ittifaqa qəbulu yolunda atılacaq növbəti addımları nəzərdən keçirəcək. Aİ Gürcüstan üçün açıqdır və Gürcüstanı Aİ üzvlüyü yoluna dəstəyinə sadiqdir” – Borrel bildirib.

Bununla belə Borel Aİ-yə üzvlük müraciətinin ciddi öhdəliyi də bərabərində gətirdiyini, Gürcüstanda isə hələ çox iş görülməli olduğunu vurğulayıb:

“Mən eyni zamanda bildirməliyəm ki, Aİ-yə müraciət ciddi bir öhdəlikdir, namizəd statusu ciddi islahatlarla və Aİ dəyərlərinə hörmətlə qazanılmalıdır və səmimi olsaq hələ də çox böyük işlər görülməlidir”.

Borel əlavə edib ki, Avropa Komissiyasının Gürcüstana təqdim etdiyi 12 tövsiyənin məqsədi Brüsseldə kimlərisə məmnun etmək yox, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaqdır.

O, Aİ-nin Gürcüstanın ən böyük ikitərəfli yardım tədarükçüsü olduğunu, 2021-2024-cü illər ərzindəki yardımın həcminin 240 milyon avro olacağını qeyd edib.