Bərdə şəhərində gözləyən ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb. Eyni zamanda əldə etdiyimiz məlumata görə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç komitəsinin bir TIR-ı hazır dayanır.
Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır. Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır və separatçılar isə bundan imtina edirlər. Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrindədirlər.
Məsələni şərh edən politoloq Orxan Amaşov "Sherg.az"a açıqlamasında bildirib ki, artıq ermənilər Rusiya Qızıl Xaç Cəmiyyəti ilə yüklərin getməsinin Laçın yolunda heç bir intensevliyə səbəb olmayacağını anladı:
"Bu onların fikirlərinə təsir edən amil oldu. Beynəlxalq Qızıl Xaç Komitəsi burada qeyri-konstruktiv rol oynadı. Çünki Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Xankəndində nümayəndəliyi var. Bu nümayəndəlik isə Bakıya tabe olmalıdır, İrəvan ofisinə tabe olmalı deyil. Onlar yüklərin Laçın yolu ilə getməsini istəyirdilər. Məqsədləri Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasına sonra baxmaq idi. Azərbaycan tərəfi isə bunu heç vaxt qəbul etməyəcək. Laçın sərhəd buraxılış məntəqəsi də məhdud çərçivədə işləyir. Bu məsələdə geri çəkilmək olmaz. Bizim 40 ton un məmulatları ilə dolu iki yük maşınımız var. Rusiya Qızıl Xaç Cəmiyyətinin maşınları isə Bərdədədir. Əgər bizim təkliflərimizə müsbət reaksiya olmasa, Azərbaycan bir addım belə geri çəkilməyəcək.
Çünki bu ərazi bütövlüyü və suverenlik məsələsidir. Onlar Laçın yolunu elə-belə istəmirlər. Yolun mahiyyəti odur ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində anklav kimi yaşasın və bütün ehtiyacları Ermənistandan gəlsin. Bunun birmənalı şəkildə qarşısını almaq lazımdır. Çünki bizim ərazi bütövlüyümüzə və suverenliyimizə təhdid təşkil edir. O yol vasitəsilə böyük yüklərin daşınmasını təmin edə bilmərik. Orada yüksək təhlükəsizlik risqi var. Biz geri çəkilməyəcəyik və axır, əvvəl Ağdam-Xankəndi yolundan yüklər gedəcək. Rusiya Qızıl Xaç Cəmiyyətinin yüklərinin Ağdamdan keçməsi Laçında intensivliyi artıracağmıza əsas vermir. Amma söhbət sadəcə iki yolun açılmasından getmir. Eyni zamanda Qarabağ ermənilərinin nümayəndələri ilə Bakının dialoquna separatçı rejim şərait yaratmalıdır. Onlar isə bunu istəmirlər Gərginlik pik həddə qədər gedəcək. Daha sonra yerdə vəziyyət dəyişəcək. Yəni yüklərin Ağdamdan getməsi və dialoqun başlaması vəziyyətdən çıxış yolu ola bilər".