ABŞ-Ermənistan təlimləri: Ölkəmizə qarşı təhdidlər 

Sentyabrın 11-də Ermənistanda ABŞ-la birgə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimlərinə start verilməsi fonunda Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyəyə səfəri milli təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ötən ay ərzində Azərbaycan- Türkiyə hərbi nazirlikləri və bu sahədəki müvafiq qurumları iki ölkə arasında çoxsaylı görüşlər həyata keçiriblər. 

Baş tutan  görüşlərdə əsas mövzu Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərin təhlili və müzakirəsi ilə bağlıdır.  Eyni zamanda:

-Qardaş ölkənin müasir silahlarının Ordumuzun arsenalına daxil edilməsi də vacib mövzular kimi prioritet təşkil edir.
-Ermənistanın şərti sərhəddə yaratdığı təhdidlər, Fransanın və digər nüfuzlu dövlətlərin ölkəmizə təzyiqi Azərbaycanla Türkiyənin hərbi sahədəki fəaliyyətlərə yenidən baxmasını zəruri hala gətirir.
- Laçın dövlət sərhədindən buraxılış məntəqəsi üzərindən ölkəmizə qarşı həyata keçirilən əsassız "humanitar vəziyyət" və "blokada" iddialarının təhlükəsizlik baxımından zərərsizləşdirilməsi.

-Ermənistanın Azərbaycanla şərti dövlət sərhədində ordu yığması ilə paralel olaraq ABŞ və Ermənistan arasındakı təlimlərin keçirilməsi lazımi addımların atılmasını sürətləndirir və zərurətə çevirir. Çünki hər fürsətdən istifadə edən Ermənistan vaxt qazanmaqla ordunu daha hazırlıqlı etmək üçün davamlı işlər aparır, PUA-lar və raket kompleksləri alır. Müharibədən keçən 3 ilə yaxın müddət ərzində hər cəhdlə sülh prosesini əngəlləyən, mütəmadi olaraq təxribatlar törədən rəsmi İrəvanın məqsədi revanş almaq və öz işğalçılıq siyasətini davam etdirməkdir.
Maraqlı məqamlardan biri də Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə deyil, bu quruma əks qütbdə dayanan NATO-nun əsas dövləti olan ABŞ-la birgə təlim keçirməsidir. Əlbəttə, təlimin Ermənistanın Beynəlxalq Sülhməramlı Missiyalarında iştirakına hazırlıq çərçivəsində olduğu bildirilsə də, əslində birgə hazırlığın məqsədi Azərbaycana qarşı da olması ehtimallar arasındadır. Taktiki səviyyədə əlaqələr qurmağa və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa imkan verən bu təlimləri Azərbaycanla Ermənistan arasında ehtimal edilən növbəti qarşıdurmaya hazırlıq kimi də qiymətləndirmək olar. 
Diqqət çəkən digər məsələ isə BMT-nin dörd məlum qətnamələri ilə bilavasitə işğalçı olduğu təsdiqlənən, 30 il ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlayan, minlərlə mülki insanı qətlə yetirən, bir milyona yaxın yerli sakini öz yurdlarından didərgin salan bir ölkəyə sülhməramlı missiyanı həvalə etmək olarmı? Məntiqi cəhətdən də aydın olur ki, ABŞ-la ərazisində təlim keçən Ermənistan bu hazırlığı ölkəmizə qarşı həyata keçirir.

Elmir Səftərov  - Siyasi şərhçi