Paşinyan yenə telefondan asılı qalacaq

Azərbaycanın öz ərazisində separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məlumata görə, iclasın gündəliyində Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri müzakirə olunub. Ermənistan rəhbərliyinin yenidən bir sıra Qərb dövlətlərinin başçıları, o cümlədən Rusiya və İranla telefon əlaqəsi saxlayacağı da iddia olunur. Nikol Paşinyan artıq ABŞ Dövlət katibi Antoni Blinkenlə telefonla danışıb. Tərəflər Qarabağdakı son vəziyyəti müzakirə ediblər. 
 
 Politoloq Elxan Şahinoğlu da deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq. “Azərbaycanı dayandırın” tipli yalvarışlar edəcək. Ancaq ekspertə görə, bunun bizə təsiri yoxdur: 

"Qərbin əlində bizi durduracaq alət yoxdur. Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir. Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır. İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, lakin bu, bizi hədəfimizdən yayındırmayacaq. Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq. Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir".