Ermənilər hakimiyyətə qarşı: Od püskürdülər  - ŞƏRH

Axır vaxtlar erməni ictimai fəallarının çıxışları ictimaiyyətdə maraq doğurur. Azərbaycanla Ermənistan arasındakı son proseslərdən sonra erməni gənclər baş verənlərdə hakimiyyəti günahlandırır. Onlar əvvəldən Azərbaycan hakimiyyəti ilə razılaşmalı olduğu fikrini dəstəkləyirlər.
Bu fəallardan biri də, erməni jurnalist Bella Lalayandır. O, növbəti dəfə Xankəndidəki mövcud vəziyyətə görə qanunsuz xuntanı təqsirləndirib.
O, bu barədə öz Feysbuk səhifəsində yazıb:
“Ey əclaflar, millət satqınları! Əgər  gedib bu təkliflərlə (Azərbaycanın mərkəzi hakimiyyətinin təkliflərini nəzərdə tutur - red.) razılaşacaqdınızsa, niyə bu qədər insanın həyatını məhv etdiniz? Niyə yenə də bu qədər qurban verdiniz? Niyə bu insanları 10 ay blokadada saxladınız? Ac saxladınız? İnsanları niyə zirzəmilərə göndərirdiniz ki, qeyri-insani şəraitdə yaşasınlar? Niyə? Ay Qarabağ cəlladları!” - o bildirib.
Digər erməni bloger Natali Aleksanyan da həmkarı kimi Feysuk hesabından erməni hakimiyyətinə od püskürüb.
O, Qarabağın  həmişə İrəvanda iğtişaşları təşkil edənlərin maraqlarına xidmət etmək üçün alət olduğunu vurğulayıb.
Həmin bloggerlərin açıqlamalarını “Sherg.az” a  dəyərləndirən siyasi şərhçi Azər Həsrət bildirib ki, erməni cəmiyyətində bu fikirlər yeni deyil:

“Bundan öncəki 30 il ərzində də ermənilər arasında az da olsa, Azərbaycanla razılaşmanın tərəfdarı olanlar var idi. Hətta  Levron Ter-Petrosyan özü də prezdentliyi dövründə  Azərbaycanla tərəfdaşlığın baş tutmasının zəruri olduğunu deyirdi.  O, çıxışlarında gələcəkdə Ermənistan üçün  daha pis şərtlər şəraitində razılaşmanın olacağını təxmin edirdi. Belə düşüncədə olan şəxs hakimiyyətdə çox qala bilməzdi. Nəticədə onu prezident kürsüsündən endirdilər. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət və son günlərdəki Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsinə uyğun  olaraq ictimai fəallar, xüsusilə gənclərin etirazlarının kütləvi hal aldığının şahidi oluruq. Ermənistan hakimiyyətinin uğursuzluqlarına uyğun olaraq belə halların artması normaldır”.