Azərbaycan-Qırğızıstan qardaşlığı: TDT güclənir

Bişkek Qırğızıstan-Azərbaycan fondunun fəaliyyətinə böyük ümid bəsləyir.
Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanov “Trend”ə bildirib.
O, avqust ayında Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyası çərçivəsində növbəti görüşün keçirildiyini xatırladıb.
“Biz bu görüşün protokollarına əsas istiqamətləri daxil etdik və nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan Qırğızıstan-Azərbaycan fondunun yaradılması yolu ilə birgə layihələrin maliyyələşdirilməsi mexanizminin yaradılması barədə razılığa gəldik”, - deyə Abdrahmanov bildirib.
Nazir müavininin sözlərinə görə, qərargah Bişkekdə yerləşəcək və yaxın vaxtlarda fondun İdarə Heyətinin üzvlərinin növbəti iclasının keçirilməsi gözlənilir ki, burada iqtisadi məqsədəuyğunluq, səmərəlilik, geri ödəmə və təxirəsalınmazlıq tələblərinə cavab verən layihələrin gələcək birgə maliyyələşdirilməsi müzakirə olunacaq.
“Biz artıq əsas daxili normativ sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə diqqət yetirəcəyini müəyyən etmişik”, - deyə Kanat Abdrahmanov sözlərini yekunlaşdırıb.

Azərbaycan və  Qırğızıstan münasibətlərinin inkişaf etdiyini bildirən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a söyləyib ki, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də  Türk Dövlətləri Təşkilatı fonunda kifayət qədər müsbət əlaqələr yaranıb:

"Türk dövlətləri içərisində Qırğızıstan ən kasıbı sayılır. Ölkə daxilindəki işsizlik və iqtisadi çətinliklərə görə Qırğızıstan ölkəsində ciddi insan köçü var. Həmin şəxslər Rusiyada işləyib qayıdanlardır. Hətta iqtisadi vəziyyətinə görə Qırğızıstanın Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Azərbaycan və Türkiyə xüsusilə Qırğızıstanın dirçəlməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatında güclənməsi istiqamətində fəal xarici siyasət yürüdürlər. Nəzərə almaq lazımdır ki, Qırğızıstan kifayət qədər geniş strateji məkanda yerləşir. Həm Fərqanə vadisi, həm Çinə yaxınlığı baxımından önəmli bir nöqtədədir. Azərbaycanın  "Bir kəmər, bir yol" layihəsi çərçivəsində önəmli mərkəz nöqtələrdə iqtisadi maraqları var. Qırğızıstan da belə yerlərdən biridir. Bu fondun yaradılması həm Qırğızıstanın iqtisadi inkişafına səbəb olacaq, həm də iki ölkə arasında münasibətlərin normallaşmasına və daha da güclənməsinə gətirib çıxaracaq. Həmçinin, bu fondun yaradacağı yeni dividentlər sayəsində Azərbaycan Çin ilə ticarətini Qırğızıstan üzərindən artıra bilər".