Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəlib.
Bu barədə Gürcüstan Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, hökumət başçısı SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadi sammitində fəxri qonaq qismində iştirak edəcək.
Baş nazir forum çərçivəsində planlaşdırılan hökumət başçılarının sammitində çıxış edəcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, son illər Prezident İlham Əliyevin Gürcüstana və Baş nazir İraklı Qaribaşvilinin isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb:
" Vətən müharibəsindən sonra ölkəmizin daha da artan nüfuzu, iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyi, qonşuları ilə qarşılıqlı əməkdaşlığı və balanslı siyasəti bu gün özünü ən yüksək səviyyədə büruzə verir. Bu səbəbdəndir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı münasibətlərində Gürcüstanla əlaqələr xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və Gürcüstan arasında müzakirə olunması ehtimal olunan məsələlərə bir neçə aspektdən nəzər sala bilərik. İlk növbədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzularından biri ola bilər. Azərbaycan və Gürcüstan bu gün Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynayan dövlətlərdəndir. Bundan əlavə, uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir və 830 mindən çox abonenti təbii qazla təmin edir. Gələcəkdə bu rəqəmin artırılması və Gürcüstanda onun daha da təkmilləşdirilməsi gözləniləndir".
Analitik həmçinin tərəflər arasında ikitərəfli əlaqələrin önəmli hissəsinin nəqliyyatla bağlı olduğunu söyləyib:
"Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərdikləri üçün burada yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacağı məsələləri də müzakirə mövzusu ola bilər.
Orta Dəhliz layihəsi üzrə birgə əməkdaşlıq, dəniz limanlarının, dəmir yollarının birgə inkişaf etdirilməsi məsələləri gündəmdədir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında neytral ölkə kimi Gürcüstanın önəmi qeyd oluna bilər. Bu səbəbdəndir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarının Gürcüstanda keçirilməsini istəyir".