Rusiyanın 15 respublikaya ərazi iddiası: Lavrov "göz boyayır"?

Rusiyanın qonşu dövlətlərə qarşı işğal planı yoxdur və olmayacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Pentaqon rəhbəri Lloyd Ostin dəfələrlə bəyan edib ki, ABŞ Ukraynaya dəstək verməsə, Rusiya qalib gələcək və qonşu ölkələrə hücum edəcək. Rusiyanın heç bir aqressiv, işğalçılıq planı olmayıb və ola da bilməz”, - o bildirib.

Lavrovun fikirlərinə münasibət bildirən Ağ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, Rusiya rəsmi olaraq Ukraynaya ərazi iddiası qaldırmayıb:

"Müasir dövrdə heç bir ölkə hansısa dövlətə hücüm edən zaman bunu açıq şəkildə bildirmir. Sadəcə olaraq müxtəlif şüarlar səsləndirirlər. Məsələn, Amerika İraqı işğal edəndə bildirmişdi ki, biz dünyanı nüvə təhlükəsindən xilas etməyə gedirik. Eynilə Rusiya da Ukraynaya hücüm edən zaman soydaşlarımızı qurtarmağa gedirik şüarı ilə çıxış etmişdi. Heç kəs rəsmi şəkildə ərazi iddiası qaldırmır, amma tam və qismən şəkildə ərazilərin işğalı baş tutur. Lavrov nə qədər belə fikirlər səslənirdirsə də, Putin dəfələrlə çıxışında qeyd edib ki, keçmiş Sovetlər Birliyi Rusiyanın əraziləridir. Bu da dolayısı ilə bütün 15 respublikaya ərazi iddiası deməkdir. Rəsmi şəkildə hamı sülh istəyir, amma bununla bərabər hər kəs müharibə apararaq bilavasitə və dolayı yolla öz dövlətin sərhədlərini qorumaqla məşğuldur. Ona görə də güclü olmaq lazımdır ki, başqasına yem olmayasan. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi ya masanın yanında olacaqsan, ya da üstündə. Masanın üstündə olmamaq üçün çalışmaq gərəkdir".