Putin MDB dövlət başçılarının mövqeyini öyrənmək istəyir -Politoloq

Dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedyev məlumat verib.
“MDB hökumət başçılarının Rusiyanın təşəbbüsü ilə növbədənkənar iclası olacaq. Tədbirin dekabrın 18-də Moskvada Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə baş tutacağı gözlənilir”, - deyə o bildirib.
MDB rəhbəri əlavə edib ki, birliyə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü dekabrın 26-da Sankt-Peterburqda baş tutacaq.
“Rusiya Prezidenti Vladimir Putin ötən illərdəki kimi ənənəvi olaraq qeyri-rəsmi ünsiyyət qurmaq, cari məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün həmkarlarını dekabrın 26-da Sankt-Peterburqa dəvət edib”, - deyə o bildirib.


Gözlənilən görüşü "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Rusiya ənənəvi olaraq ilin sonunda MDB dövlət başçıları ilə görüşmək təşəbbüsüylə çıxış edir:
"Yayılan ilkin məlumata görə dekabrın 18-də hökumət başçılarının görüşü təşkil olunacaq. Daha sonra dekabrın 26-da isə Sankt-Peterburqda MDB dövlət rəhbərlərinin görüşü baş tutacaq. Burada Rusiya Prezidenti Vladimir Putin həm ilin yekunları barədə, həm də qeyri-formal ünsiyyət qurmaq və cari məsələlərin müzakirəsini aparmaq üçün həmkarları ilə toplanacaq. Əlbəttə, bu il  baş tutacaq hökumət və dövlət başçılarının MDB sammiti müəyyən maraqlar doğurur. Çünki Rusiyanın özü müharibə şəraitindədir və Qərb ilə çox ciddi konfrantasiya çərçivəsində münasibətləri davam edir. Eyni zamanda Rusiya dövlətinə qarşı çoxsaylı sanksiyalar tətbiq olunub.  Bu görüş şimal qonşumuz üçün ağır şərtlər daxilində MDB dövlət başçılarının mövqeyini öyrənmək və gələcək əməkdaşlıq konturlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir

Analitik qeyd edib ki, Azərbaycan öz konstitusion quruluşunu və suverenliyi təmin etdikdən sonra ilk dəfə bu görüşdə iştirak edəcək:
"Cənab Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını və mövqeyini yenidən geniş auditoriyanın diqqətinə çatdıracaq. Eyni zamanda Ermənistanın təxribatları, sülhdən boyun qaçırması haqqında məlumatlandırılma və məsləhətləşmələrin aparılması üçün çox yaxşı imkandır. Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə bu tədbirə qatılmayacağını ehtimal edirəm. Qərbin təlimatçıları Paşinyanın görüşdə iştirakını maksimum dərəcədə azaltmağa çalışacaqlar. Amma Nikol Paşinyanın iştirak edib-etməyəcəyindən asılı olmayaraq görüş həyata keçiriləcək".