Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası İrəvan üçün həyati əhəmiyyət kəsb edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunanıstanlı həmkarı Yorqos Qerapetritis ilə birgə mətbuat konfransında bildirib.
“Aİ-nin mülki missiyası bizim üçün çox vacibdir, təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir. Biz Aİ-nin bu missiyanı genişləndirmək qərarını alqışladıq”, - o qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, Mirzoyanın bu açıqlaması birmənalı şəkildə növbəti təxribatdır:
"Çünki Avropa İttifaqı Ermənistandan bu və digər şəkildə Rusiyadan qopmağı tələb edir. Hətta Almaniya xarici işlər naziri bəyan etdi ki, Ermənistana hər cür yardım olunacaq. Onlar, Ermənistan sərhəddində olan rus qoşunlarını çıxarsınlar. Ermənistan isə bunun baş tutan proses olmayacağını başa düşür. Nikol Paşinyan hakimiyyəti buna getsə belə, Ermənistanda çevriliş baş verəcək. Yəni, Ermənistanın dövlət kimi ayaqda qalmaq ehtimalı çox aşağı düşəcək. Bu isə ermənilərin verdiyi bir qərar olacaq. Amma bu Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə də maneəçilik törədən gedişdir. Çünki Avropa İttifaqının mülki missiyası daha çox Azərbaycan və Ermənistan inzibati sərhədi zonasında fəaliyyət göstərir. Əslində isə bu mülki missiya deyil. Hamısı vaxtilə bu və ya digər formada təhlükəsizlik orqanlarında çalışan şəxslərdir. Həmin işlərin başında isə Fransa durur. Eyni zamanda Almaniya da bu işdən kənarda qalmır. Ona görə Mirzoyanın səsləndirdiyi fikir həm gülməlidir, həm də faciəvidir".
Ekspert onu da vurğulayıb ki, mülki missiyanın Mirzoyan tərəfindən alqışlanması Avropa İttifaqının oraya daha çox adam göndərməsi deməkdir:
" Belə bir missiya isə Rusiya ilə olan münasibətləri daha da gərginləşdirəcək. Fransadan sonra Ermənistanın yanında olan yeganə dövlət Yunanıstandır. Eyni zamanda Yunanıstanın Türkiyə ilə münasibətləri normal deyil. Amma indi Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyirlər. Buna görə də Ermənistana qoyulan şərtlərin içərisində Rusiya ilə bütün ipləri qırmaq yer alır. Belə bir şəraitdə isə həm Azərbaycanla sülh istəyirlər, həm də Rusiya ilə münasibətləri çox pozmaq istəmirlər. Ermənistanın xarici işlər nazirinin belə bir bəyanat verməsi onun siyasi cəhətdən kor olmasına dəlalət edir. Mirzoyanın kor olması isə, Ermənistanın kor olmasına gətirib çıxaracaq".