COP29: Bakı və Şuşa qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə Qafqazın beyin mərkəzinə çevrilib -ŞƏRH

"Azərbaycan son illərdə ardıcıl şəkildə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu missiyanı yüksək səviyyədə icra edir".

Bu fikirləri "Sherg.az"a  politoloq Aytən Qurbanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına COP29-un Azərbaycanda keçirməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. 
O, söyləyib ki, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi həm dövlətimizin artan nüfuzunun, həm də qlobal sistemdə bizə göstərilən etimadın aydın ifadəsi olaraq dəyərləndirilməlidir:

"Xüsusilə tarixi zəfərimizdən sonra Bakı və Şuşa şəhərləri regional və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə dünyanın önəmli siyasi və mədəni paytaxtlarından birinə, eyni zamanda Cənubi Qafqazın beyin mərkəzinə çevrilib. Digər tərəfdən isə belə tədbirlər milli maraqlarımızın və xarici siyasi hədəflərimizin təmin olunması istiqamətində tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün önəmli platforma rolunu oynayır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, qlobal miqyasda yaşıl enerjiyə artan tələbat və Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımlar fonunda COP 29-un ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə dair heç bir şübhə olmadığı kimi bu tədbirin yeni əməkdaşlıq imkanları üçün mühüm vasitə olacağı da istisna edilmir".