Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
Layihənin lehinə 295, əleyhinə isə 1 səs verilib.
Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.
Hadisəyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Bu Fransanın növbəti antiazərbaycan addımından başqa bir şey deyil:
"Fransa durduq yerə Azərbaycan ilə münasibətləri korlamağa çalışır. Nəticə etibarilə vəziyyət elə həddə çatır ki, Azərbaycan ilə münasibətlərin pisləşməsi Fransanın ermənipərəst dairələrinin də məmnunluğuna səbəb olur. Fransa Senatın hansısa bir məsələdə Azərbaycana məsləhət vermək hüququ yoxdur. Çünki Fransa neomüstəmləkəçi ölkədir. Eyni zamanda tarix boyu və çağdaş dövürdə törətdiyi cinayətlərə görə heç bir hüquqi, diplomatik cavab verməyib. Ona görə də belə ölkənin Azərbaycana qarşı qətnamə qəbul etməsinin heç bir əhəmiyyəti yoxdur. Fransadakı siyasətçilər diplomatik etiket normalarını pozmaqla yanaşı, eyni zamanda tamamilə ağıllarını itiriblər və Azərbaycanla münasibətləri daha da zədələməklə məşğuldurlar. Bütün baş verən hadisələrin fonunda Fransa Senatının bu tip addımlar atması Azərbaycan ilə rəsmi Paris arasındakı uçurumu dərinləşdirir. Bu gün Azərbaycan Fransanın neomüstəmləkəçi siyasətinə qarşı Qlobal Təşəbbüs qrupunun lideridir. Fransa tərəfindən belə addımlar atıldıqca Azərbaycan bu məsələdəki mövqeyini daha çox gücləndirəcək. Hesab edirəm ki, Fransa həmçinin, Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəmir. Çünki Fransa qorxur ki, Azərbaycanla sülhün olması onların Ermənistandan maşa kimi istifadə etməsini zəiflədəcək. Fransa senatının bu tip addımları Azərbaycana deyil, rəsmi Parisin özünə böyük zərbələr vurur".