Analitik: Paşinyanın sonuncu açıqlamaları uğursuzdur

Ermənistan Azərbaycanın işğal altında olan kəndlərini qaytarmaq istəmir


  "Nikol Paşinyan 2024-cü ilə uğursuz açıqlamalarla başladı. Bir tərəfdən Ermənistan baş nazirinin sülh sazişinin imzalanması yönündə səy göstərdiyini görsək də, digər yandan sülhə zidd addımların, açıqlamaların şahidi oluruq". 
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Turab Rzayev deyib. Ekspert bildirib ki, Paşinyanın Azərbaycan tərəfinin haqlı tələblərinə reaksiyası qeyri-konstruktivdir: 

"Baş nazir kəndlərin qaytarılması məsələsinin sülh sazişindən sonraya saxlanmasını, sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində müzakirə oluna biləcəyini deyə bilərdi. Ancaq Paşinyanın sonuncu açıqlamaları göstərdi ki, Ermənistan Azərbaycanın işğal altında olan kəndlərini qaytarmaq istəmir. Hansısa 32 kəndin Azərbaycan tərəfindən "işğal" olunduğunu iddia etmək də gülüncdür. Şərti sərhədlərdəki bölgələr istisna olmaqla Azərbaycanın nəzarətində erməni kəndi, yaşayış məntəqəsi yoxdur. Bu, tamamilə uydurmadır. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı birdən-birə İran versiyasını ortaya atması, İran tərəfinin tətbiq etdiyi şərtlərlə bunun reallaşmasının mümkünlüyünü deməsi İrəvanın Naxçıvana maneəsiz keçid məsələsində güzəştə getməyəcəyindən xəbər verir. Bu yanaşma isə sülh prosesinə və sazişin tezliklə imzalanmasına əngəl törədir".