İran-Pakistan gərginliyi savaşa dönəcək? - RƏY

Hərbi ritorikanın müharibə həddinə çatacağını proqnozlaşdırmaq olmur

  İran və Pakistan arasında gərginlik artır. SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub və nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb. Bununla yanaşı, Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 9 nəfər ölüb. İran Xarici İşlər Nazirliyi Pakistanın pilotsuz uçuş aparatlarının iki ölkə sərhədi yaxınlığında qeyri-mütənasib və qəbuledilməz hücumlarını qınayıb: "İran xalqın təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edir və Pakistan hökumətindən Pakistanda bazaların və silahlı terror qruplarının yaradılmasının qarşısını almaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir". Həmçinin qeyd olunub ki, İran iki xalq arasında mehriban qonşuluq və qardaşlıq siyasətinə sadiqdir. Lakin düşmənlər iki ölkə arasında yaxşı və qardaşlıq münasibətlərini gərginləşdirməyə imkan vermir. BMT-nin Baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib ki, baş katib İran və Pakistan arasında son hücumlardan son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır: "Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir". Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bildirib ki, ABŞ son hadisələr fonunda İran və Pakistan arasında gərginliyin yaşanmasını istəməz: "ABŞ Prezidenti Co Bayden bu fikirdədir ki, İrana nüvə silahı istehsal etməyə icazə verilməməlidir. Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, təbii ki, bu, yaxın gələcəkdə baş verməyəcək".
  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, İranla Pakistanın bir-birinin hava məkanını nümayişkaranə şəkildə pozması iki ölkə arasında hərbi-siyasi və diplomatik gərginliyə səbəb olub. Lakin onların ritorikasının müharibə həddinə çatacağını proqnozlaşdırmaq olmur. Çünki İranla Pakistanın münasibətləri elə də kəskin tonda deyil:

"Ən maraqlısı budur ki, hava hücumundan bir neçə saat əvvəl İran və Pakistan Fars körfəzində ortaq hərbi təlim keçiriblər. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Davosda Dünya İqtisadi Forumu çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ul-Haq Kakar ilə görüşüb.
Elə isə sual olunur, nə baş verdi ki, Tehranla İslamabad yaxşı əlaqələri unudub qarşılıqlı pis ssenari ilə oynamağa başladılar? İlk olaraq İran Pakistan ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının “qala”larını hədəfə alaraq onların mövqelərinə müxtəlif növ silahlardan aviazərbələr endirdi. “Ceyş əl-Ədl” İran üçün problematikdir və bu qruplaşma İran ərazisində xeyli terrorun müəllifinə və ya icraçısına çevrilib. Lakin İranın Pakistan ərazisindəki əməliyyatlarının tərzi Tehranın Yaxın Şərqdə əzələlərini şişirtməsinin işığında daha çox aydınlaşır.
Düzdür, Pakistana hücumlar və Pakistanın da qarşılıqlı cavablar verməsi birbaşa İsraillə əlaqəli deyil. Tehran zərbələrini anti-İran terror qruplaşmalarını hədəf aldığını iddia etməsi ilə əlaqələndirir. Bu, Livanda “Hizbullah”, Fələstində HƏMAS kimi İsrailə qarşı olan qüvvələri maliyyələşdirən və təchiz edən İranın başqa regionda da daha cəsarətli birbaşa hərəkətlər edə biləcəyinə işarədir.
Ancaq İranla Pakistan arasında qarşılıqlı zərbələrin genişmiqyaslı hərbi eskalasiya yaratması zəif versiyadır, böyük ehtimalla bir-birilərini terrorçulara sığınacaq verməkdə ittiham edən bu iki ölkə diplomatik-siyasi yollarla vəziyyəti yoluna qoymaq səylərini üstün tutacaqlar".
  Ekspert vurğulayıb ki, İranda mart ayında Ekspert Assambleyasına seçki gözlənilir və SEPAH var gücü ilə dövlətüstü bir quruma çevrildiyini rəsmiləşdirməkdən ötrü prosesi ələ almağa çalışır: "İranda daxili siyasi isteblişment qaynayanda SEPAH həm Xarici İşlər Nazirliyinin, həm də prezidentlik institutunun xarici ölkələrlə əlaqələri inkişaf etdirmək təşəbbüslərini bloklamağa çalışır. SEPAH hərbi-siyasi və ruhani elitadakı mübarizəni qızışdırıb ona yön vermək üçün xarici cəbhədəki silahlarını işə salmaq təcrübəsinə malikdir. İranın Pakistana zərbələrinə bu aspektdən qiymət vermək olar. Bu məntiqlə, hərbi gərginlik İrana təkcə xarici təhdidlər qarşısında deyil, həm də daxili arena qarşısında gücünü nümayiş etdirməyə imkan verib. Bununla belə, bu raket hücumlarının İranın əziyyət çəkdiyi fundamental təhlükəsizlik problemlərinin həlli olub-olmayacağı çox şübhəlidir. Bunu hətta bu hücumlardan sonra Pakistan sərhədində İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsi də sübut edir. Ancaq səbəbindən asılı olmayaraq, hərbi insidentlər İran-Pakistan genişmiqyaslı münaqişəsini nəzərdə tutmur. Çünki nə İran, nə də Pakistan digərinin rəsmi qüvvələrinə və ya aktivlərinə hücum edib".