Trampın vədi: Rusiya-Ukrayna savaşına son verə biləcək?

Rusiya ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna ətrafındakı münaqişənin tezliklə həlli ilə bağlı verdiyi vədlərin necə reallaşacağından xəbərsizdir.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya diplomatlarının bu mövzuda Trampla mümkün qarşılıqlı əlaqəsini şərh edən Peskov qeyd edib ki, sözügedən məsələ ilə bağlı heç bir əlaqə olmayıb.

Peskovun fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, seçki qabağı kapitalist ölkələrdə Prezidentlər müəyyən vədlər verərək etnik və dini qrupların dəstəyini almağa çalışırlar:
"Amerikanın Prezident seçkilərində Tramp ilk namizəd deyil ki, seçki qabağı müəyyən şərhlər verir. Ümumiyyətlə Amerika və xaricdə Trampın Rusiyaya daha çox yaxınlığı hiss olunur. Trampın ilk Prezident seçkilərində Rusiyanın onun xeyrinə səslərə müdaxilə etməsi ilə bağlı ittihamlar səslənirdi. Tramp Rusiya və Ukrayna müharibəsini həll etməsi üçün ilk öncə Prezident seçilməlidir. Amma Trampın seçkilərdə namizəd kimi iştirakına icazə veriləcəyi şübhə altındadır. Çünki Tramp namizəd olsa, Prezident seçilmə şansı çoxdur. Digər tərəfdən Rusiya cəhbədə istədiyi vəziyyəti alıb. Yəni, daha rahat şəkildə müdafiə olunur və savaşda üstünlüyə malikdir. Ona görə də Rusiyanın müharibəni dayandırması gözlənilən deyil. Ruslar düşünür ki, Ukrayna zamanla yorulacaq və Qərbin onlara dəstəyi tamamilə kəsiləcək. Bundan sonra Rusiya daha çox ərazi tuta biləcək. Ona görə də indiki halda Ukrayna ilə atəşkəsə səy göstərmirlər və maraqlı da görünmürlər".
Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, ABŞ-dakı prezident seçkisində qalib gəlsə, 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoya bilər.