Qərb diplomatları səfərlərini artırıb
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Ermənistana səfər edib. Tərəflər Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində baş verən son hadisələrə və əvvəlcədən razılaşdırılmış aydın prinsiplərə əsasən sülh prosesinə toxunub. Baş nazir Cənubi Qafqazda sabitlik və sülhə yönəlmiş beynəlxalq ictimaiyyətin müvafiq reaksiyasının və hərəkətlərinin vacibliyini vurğulayıb. Beynəlxalq əlaqələr üzrə erməni mütəxəssis David Karapetyan deyib ki, NATO Ermənistanı "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışır. Onun sözlərinə görə, ABŞ müəyyən zəmanətlər təklif edib: "Ermənistan-NATO əməkdaşlığı ölkəmizin 1994-cü ilin oktyabrında qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramına əsaslanır. Proqram NATO və Avropa ilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının stimullaşdırılmasını nəzərdə tutur. Amma bu günə kimi heç kim hərbi-siyasi alyansa üzv olmaq təklifi almayıb. Yəni bizim NATO-da iştirakımızdan söhbət gedə bilməz. Məncə, məsələ ondadır ki, Ermənistan indi öz xarici siyasətinin vektorunu dəyişir və geosiyasi mərkəzlər təbii ki, sözdə təminatlar verməklə, Rusiyanı mümkün qədər ölkəmizdən sıxışdırmağa çalışırlar". Karapetyan əlavə edib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Azərbaycanın "hərbi təcavüzü" hallarında Ermənistan kollektiv Qərbdən heç bir əməli təminat görməyib: "Ona görə də Qərbdən və ya NATO-dan təminatlardan danışmaq fantastikadan başqa bir şey deyil. Çünki indiyədək Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib". Bir sıra ekspertlərin qənaətincə, NATO-nun Ermənistana səfərinin əsas məqsədi İrəvanı Rusiyadan tamamilə qoparmaqdır.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında deyib ki, NATO rəsmisinin bu açıqlaması həm Ermənistana, həm də Rusiyaya üstüörtülü mesajdır. Analitik vurğulayıb ki, Nikol Paşinyan Avropa qarşısında Kremldən uzaqlaşmaq, xarici siyasət vektorunu dəyişmək barədə öhdəlik götürüb:
"Uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri pisləşən rəsmi İrəvan artıq NATO-ya müraciət edir. Bununla da, erməni dövlətinin Rusiyanın rəhbəri olduğu hərbi alyansı yaxın vaxtlarda tərk edəcəyi, qərbyönümlü alyanslara qoşulmaq həvəsində olduğu Rusiya siyası elitasının diqqətinə çatdırılıb. Şübhəsiz ki, İrəvanın bu hərəkətləri Kremlin gözündən yayınmayacaq. Moskva Avropa və NATO strukturlarının bu ölkənin xarici sferasında fəal iştirakına imkan verməyəcək. Qərbin yeganə niyyətinin ölkələrin siyasi-ictimai işlərinə müdaxilə, Rusiyanın sərhədləri yaxınlığında kritik nöqtə yaratmaq və ölkəni zəiflətmək olduğunu Moskva çoxdan bilir. Rusiya ilə məsafə yaratmaqla hakim partiya erməni ictimai rəyini qızışdırmaq, anti-Rusiya əhval-ruhiyyəsini körüklməklə işi bitmiş hesab etdilər. Kremli Qafqazdan çıxarmaq üçün ilk addım olaraq, Ermənistan və Azərbaycan arasındakı şərti sərhəd xəttinə Avropa İttifaqının müşahidəçiləri cəlb edildi. Rusiya hökumətinin dəfələrlə tənqidinə və təhdidinə baxmayaraq, getdikcə müşahidəçi sayı artırıldı".
A.Rəşidoğlu vurğulayıb ki, Qərb diplomatları Ermənistana anti-Rusiya sanksiyalarına qoşulmağı məsləhət görürlər:
"Aydın məsələdir ki, Qərb, Avropa bu işdə öz maraqlarını güdür. Regionda marionet dövlətə çevrilmiş erməni dövlətçiliyinin tənəzzülü, iqtisadiyyatının çöküşü perspektivi Qərbi qətiyyən narahat etmir. Nəzərə almaq lazımdır ki, Ermənistanda istehlak olunan elektrik enerjisinin 35 faizi Rusiya qazı ilə işləyən İES-lərdə istehsal olunur. Başqa sözlə, Ermənistanda bütün məhsulların qiymətinin kəskin artımı ilə nəticələnəcək".