Nikol Paşinyan geri çəkilir -ŞƏRH

Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar


  Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin qeyri-müəyyən siyasətini və Qərbə meyillənməsini kəskin tənqid etdi. Lavrov bildirdi ki, Ermənistanla Azərbaycan arasında normallaşma üzrə irəliləyişin olmaması Qərbin məsləhət verdiyi İrəvanın mövqeyi ilə bağlıdır. Onun sözlərinə görə, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ nizamlama prosesinə dəvətsiz daxil olublar. O, Ermənistan rəhbərliyini Qərbpərəstlikdə suçlayıb və "Sülh kəsişməsi" nəqliyyat layihəsi ideyasını da tənqid edib. Lavrov vurğulayıb ki, regionda tranzit şəraitilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarında heç bir məntiq görmür. Əslində, Rusiya rəsmiləri Ermənistan hökumətinin anti-rus siyasətini dəfələrlə tənqid ediblər. Ancaq Ermənistan rəsmilərindən, ekspertlərdən adekvat reaksiya gecikməyib. Maraqlısı odur ki, erməni tərəfi Lavrovun budəfəki daha sərt ittihamlarını cavabsız qoyub. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar. Analitik bildirib ki, üstəlik, İrəvanın “bəyənmədiyi” Rusiya bugünlərdə Ermənistana İran üzərindən hücum xarakterli silahlar göndərib: 

"Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda itirdiyi hərbi texnikanın yerini doldurmağa ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb. Buna baxmayaraq, Qərbdəki dairələr Ermənistanı Rusiyadan uzaqlaşdırmağın yollarını aramaqdan imtina etməyiblər. Qərb Ermənistanı NATO üzvü edə bilməsə də, Şimali Atlantika Blokunun müxtəlif proqramlarına daxil etməyə çalışır. Ermənistan 1994-cü ildən Azərbaycan kimi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür. Əməkdaşlığın inkişafı bu proqram çərçivəsində də mümkündür. Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvin müdafiə naziri Suren Papikyanı şam yeməyinə dəvət edib. Aydındır ki, söhbətdə Ermənistanın ABŞ-ilə hərbi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Suren Papikyan hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu İrəvana səfər etmiş NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominlə də müzakirə edib. Görüşlər çoxdur, ancaq Qərb ölkələri və NATO Ermənistana təhlükəsizlik təminatı verməkdə acizdir. Sadəcə, rəsmi İrəvanın ünvanına “xoş sözlər”, “biz sizinləyik” kimi epitetlər səsləndirməklə kifayətlənirlər. İrəvan bunu gözəl anlayır, ona görə də Moskvaya çox sərt mövqe nümayiş etdirməkdən çəkinir".